Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda “Sabah” evdə “Barselona”nı qəbul etdi. Qarşılaşma zamanı diqqətimi çəkən iki məqam oldu.
İlk olaraq start heyətinə nəzər salaq. Komandanın əsas hücum silahı sayılan Mikelsin deyil, Xəyal Əliyevin ilk dəqiqələrdən meydanda olması diqqət çəkdi. Təbii ki, bu, bizim üçün xoş mənzərədir. Azərbaycanlı, özü də gənc futbolçunun belə bir rəqiblə qarşılaşmada start heyətində yer alması təqdirəlayiqdir.
Amma Mikelsin mövqeyindən yanaşsaq, düşündürücü qərardır. Axı Mikels “Sabah”ın bu yerlərə gəlməsində mühüm rol oynayıb. Təsnifat mərhələsində vacib qollar vurub, hücum xəttinin əsas liderinə çevrilib. Təbii ki, onun üçün də “Barselona” kimi rəqiblə oyuna start heyətində çıxmaq xüsusi əhəmiyyət daşıyardı. Ən azı belə bir fürsətdə dünya futbolunun ulduzları ilə meydana çıxmaq, onlarla bir-bir əl sıxmaq, həmin anları yaşamaq istəyərdi. Karyerasının son illərini yaşayan futbolçu üçün bəlkə də bir daha belə imkan ələ düşməyəcək.
Lakin Valdas Dambrauskasın qərarı ilə Mikels bu fürsətdən məhrum oldu. Təbii ki, bu, futbolçuda müəyyən narazılıq yarada, baş məşqçiyə qarşı inciklik formalaşdıra bilər.
Diqqətimi çəkən ikinci məqam isə Stas Pokatilovla bağlı idi. Qapıçının oyun ərzindəki səhvləri, xüsusilə zərbələri dəf edərkən onu rəqib futbolçuların önünə göndərməsi birmənalı qarşılanmadı. Qarşılaşmanın gedişində Dambrauskasın da bundan narazı olduğu hiss edilirdi. Xüsusilə ilk qoldan sonra baş məşqçinin sərt reaksiyası diqqətdən yayınmadı. Kənardan belə görünürdü ki, litvalı mütəxəssis qapıçının topu reaksiyasında ciddi narazıdır.
Görünür, əsəbi soyumayan Dambrauskas final fitindən sonra meydandaca Pokatilova etirazını bildirdi. Həmin kadrlarda qapıçının da baş məşqçinin iradlarına sakit reaksiya vermədiyi, emosional şəkildə cavab verdiyi görünürdü.
Pokatilovun da azarkeşlərin gözü qarşısında, tribunaların önündə baş məşqçidən belə iradlar eşitməsi xoşuna gəlməmişdi.
Nəzərə alaq ki, oyunu izləmək üçün onun vətəni Qazaxıstandan Bakıya gələn azarkeşlər, dostları, ailə üzvləri var idi. Onların gözü önündə bu halın yaşanması arzuolunan deyildi.
Bütün bunlar gələcəklə bağlı müəyyən narahatlıq yaradır. Mikelsin və Pokatilovun yaşadığı narazılıq klub daxilindəki ab-havaya, futbolçuların baş məşqçi ilə münasibətlərinə mənfi təsir göstərə bilər.
İndi Dambrauskasın üzərinə mühüm vəzifə düşür: hər iki futbolçunun könlünü almaq, yaranmış gərginliyi aradan qaldırmaq və onları qarşıdakı oyunlara kökləmək. Çünki mövsümün bu mərhələsində “Sabah”a daxili narazılıqlar yox, vahid komanda ruhu lazımdır.
XANOĞLAN/ SPORTİNFO.AZ
