Yaşlı valideynə qulluq edən şəxslərin dövlət tərəfindən ödəniş alması məsələsi tez-tez müzakirə olunur.
Lakin mütəxəssislər bildirir ki, bu hüquq hər kəsə şamil edilmir.
Əgər yaşlı şəxsin əlilliyi yoxdursa, ona baxan şəxs müavinət ala bilməz. Yalnız o halda ödəniş mümkündür ki, həmin şəxsə rəsmi şəkildə əlillik təyin olunsun və onun kənar qulluğa ehtiyacı olduğu təsdiqlənsin.
Əlillik təyin edilərkən qiymətləndirmə kompleks şəkildə aparılır. Bu zaman şəxsin sağlamlıq vəziyyəti ilə yanaşı, gündəlik həyatda başqasının köməyinə ehtiyacının olub-olmaması da müəyyən edilir.
Əgər rəsmi sənəddə kənar qulluğa ehtiyac olduğu qeyd olunarsa, həmin şəxsə dövlət tərəfindən əlavə ödəniş – prezident təqaüdü formasında müavinət verilə bilər.
Mütəxəssislər vurğulayır ki, yaşın çox olması avtomatik olaraq müavinət hüququ yaratmır. Praktikada 80–90 yaşlarında belə, sağlam həyat tərzi sürən insanlar mövcuddur. Buna görə də hər bir hal fərdi qaydada qiymətləndirilməlidir.

