Finalda Əliyar olmayacaq – İki real namizəd var

29 May 19:40 Araşdırma 314
Finalda Əliyar olmayacaq – İki real namizəd var

Cari “futbol ili”nin sonuncu qarşılaşması mayın 31-də baş tutacaq.

Şənbə günü Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Azərbaycan kubokunun final qarşılaşması keçiriləcək.

Komandaların adları çoxdan məlumdur – “Qarabağ”la “Sabah” münasibətlərinə aydınlıq gətirəcək. Məkan da bilinir, oyunun başlama saatı da 19:00.

Bilinməyən tək şey nəticəsi kifayət qədər ciddi əhəmiyyət daşıyacaq görüşü hansı hakimin idarə edəcəyidir.

Ağıllara gələn ilk namizəd təbii ki, Əliyar Ağayevdir. Lakin ölkənin bir nömrəli referisi finalı idarə etməyəcək.

Buna səbəb yarımfinalda “Neftçi”ylə “Sabah” arasındakı dueldə Ağayevin Masazır təmsilçisinin leyhinə aşkar penaltini təyin etməməsidir. Məhz həmin oyundan sonra “Sabah” rəsmiləri Əliyarla bağlı ciddi narazılıq etmişdi.

Elə buna görə də 38 yaşlı ədalət təmsilçisi mayın 29-da II Liqaya vəsiqə uğrunda “Lerik”lə “Şirvan” arasındakı pley-off matçına təyinat alıb.

FİFA referisi Elçin Məsiyevi də siyahıdan silə bilərik. Ona mayın 28-dəki başqa bir önəmli qarşılaşma həvalə olunub. Məsiyev I Liqaya vəsiqə uğrunda “Difai” ilə “Hypers Guba” arasında baş tutacaq oyunu idarə edəcək.

Ağayevlə Məsiyevin siyahıdan çıxmasından sonra finalı idarə edə biləcək iki real namizəd qalır. Biri İnqilab Məmmədovdur, digəri Rəvan Həmzəzadə.

Premyer Liqa hakimləri arasında ən yaşlısı olan İnqilabın cari mövsümü xətasız keçirdiyini və idarə etdiyi oyunlarda ciddi narazılıq yaşanmadığını nəzərə alsaq, həlledici oyunun məhz ona tapşırılması kifayət qədər real görünür.

Rəvan da təcrübəli hakimlərdən hesab olunur. Komitə meydanda yaşananlara birbaşa nəzarəti Həmzəzadəyə tapşırsa, heç kim təəcüblənməyəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti