Azərbaycanda kimlər daha tez pensiyaya çıxa bilər? - Siyahı

27 May 07:50 Araşdırma 183
Azərbaycanda kimlər daha tez pensiyaya çıxa bilər? - Siyahı

“Daha tez pensiyaya çıxmaq hüququ yalnız çoxuşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur”.

Bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

V.Bayramov qeyd edib ki, güzəştli şərtlərlə pensiya hüququ “Əmək pensiyaları” haqqında Qanunla təsbit olunub:

“Belə ki, Qanunun 8-ci maddəsi “uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxsləri”, 9-cu maddəsi isə “güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxsləri” müəyyən edir.

Sözügedən Qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bu o deməkdir ki, çoxuşaqlı ailələrdə analar 59, əgər bu hüquqdan atalar istifadə edirsə, o zaman onlar 60 yaşında pensiyaya çıxırlar”.

Onun sözlərinə görə, Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə pensiya hüququ qaznan vətəndaşlarımızın siyahısı kifayət qədər genişdir:

“Belə ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Bununla yanaşı, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda pensiya yaş həddi 20 il azaldılır.

Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda 15 il tez əmək pensiyası ala bilirlər. Eyni zamanda, bir sıra dövlət sektorlarında, o cümlədən prokurorluq, hərbi xidmət, ədliyyə orqanları və s. çalışanların da qulluq müddətindən asılı olaraq daha tez pensiyaya çıxmaq hüquqları var.

Bütün bunlarla yanaşı, daha çox vətəndaşımıza tez pensiyaya çıxmaq hüququnun verilməsi ilə bağlı təkliflərimizi də təqdim edirik. Pensiya islahatların dərinləşməsi pensiya yaşının müəyyənləşdirilməsində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərindən istifadəni daha da aktuallaşdırır”.

Digər Xəbərlər
Xəbər Lenti