
«Mingəçevir»in baş məşqçisi Füzuli Məmmədov «casus» axtarışına çıxıb.
Bu barədə komandadan saytımıza məlumat verilib.
Redaksiyamıza müraciət edən futbolçuların bildirdiyinə görə, çalışdırıcı kollektiv daxilində çaxnaşma salıb.
O, «Sportinfo»ya informasiya ötürənlərin kimliyini müəyyənləşdirməkdən ötrü düşərgəni bir-birinə vurub:
«Burada Füzulinin iki-üç «xəbərçi»si var. Onlara tapşırıb ki, futbolçulara yaxınlaşın, ikilikdə söhbət edin, «Sportinfo» barədə suallar verin.
Deyib, bu yolla «Sportinfo»a komandadan xəbər verənlərin kimliyini öyrənəcəm. Həmin oyunçular da Füzulinin göstərişini yerinə yetirib, xüsusən cavan uşaqların gününü qara edib.
Biabırçı vəziyyətdir! O, demək olar çoxundan şübhələnir, amma heç kimin üzünə deyə bilmir ki, xəbərlər səndən çıxır.
Füzuli dondan-dona girən adamdır. Hiss edir ki, əksər uşaqların ondan zəhləsi gedir.
Hətta bəzi komanda yoldaşlarımız o həddə çatıb, istəyiblər ki, onu tutub əzişdirsinlər.
Sizin saytda çıxan xəbərlər Füzulini dəli edir. Həmin gün özündə olmur, hirsini komandanın üzərinə tökür.
Burada hamı «Sportinfo»nu oxuyur. Gündə ən azı beş-altı dəfə saytı açıb baxırıq.
Amma əlbəttə, bunu baş məşqçinin yanında eləmirik. Birdən görüb eləyər, bizi cərimələyər.
«Mingəçevir»dən yazdığınız xəbərlərin 99 faizi düzdür. Füzulini əsəbiləşdirən də budur.
Özü də bir-iki dəfə deyib ki, komandada nə danışıram, hamısı saytda çıxır».
SPORTİNFO.AZ