
Mövsüm sona yaxınlaşdıqca medalçıların adına aydınlıq gəlməkdədir.
“Qarabağ” növbəti çempionluğu qeyd etmək üçün sonuncu tura ehtiyac duymadı.
Gümüş medallar da çox güman hazırda 64 xalla üçüncü pillədə qərarlaşaraq ən yaxın izləyicisi “Araz-Naxçıvan”ı 10 xal qabaqlayan “Zirə”yə qismət olacaq.
Bürünc medallar uğrunda “Araz-Naxçıvan”la “Turan Tovuz”, Azərbaycan kubokunun qalibi adını qazanmaq üçün “Qarabağ”la “Sabah” mübarizə aparır.
Futbolsevərlər arasında müzakirə olunan mövzulardan biri ölkəmizi Avropa Liqasında hansı komandanın təmsil edəcəyidir. “Qarabağ”ın növbəti dəfə qalib adını qazanmağa yaxın olması məlum sualın ətrafında şübhələr yaradıb.
Bildirək ki, “Sabah” ölkə kubokunu muzeyinə aparacağı halda, ikinci dərəcəli klub turnirinə məhz Masazır təmsilçisi vəsiqə qazanacaq.
Yox, yekunda “Qarabağ” sevinən tərəf olsa, Avropa Liqasında oynamaq şansını finalçı, yəni “Sabah” yox, Premyer Liqanın ikincisi əldə edəcək.
Bu isə böyük ehtimalla “Zirə” olacaq.
“Qarabağ” kubokun qalibi olsa, həm də çempionatın qalibi qismində Çempionlar Liqasına qatılacaq. Gümüş medalçı ölkəmizi Avropa Liqasında, üçüncü və dördüncü yerin sahibləri Konfrans Liqasında mübarizə aparacaq.
İşdir, birdən “Sabah” ölkə kuboku ilə sevinsə, bu komanda Avropa Liqasında, Premyer Liqanın ikinci və üçüncüsü Konfrans Liqasında oynayacaq. “Qarabağ” isə bütün hallarda Çempionlar Liqasındakı rəqibini gözləyəcək.
HƏBİB / SPORTINFO.AZ