
Ayxan Abbasov Alfons Msanqanın transferinə razılıq verəndə, “futbol biliciləri” ən yüksək tonda qışqırırdı ki, bəs Tanzaniya hara, futbol hara? Bir Msanqamız çatmırdı? Bunu hardan tapıb gətiriblər?
2003 doğumlu futbolçu “Turan Tovuz”un qapısına yol tapıb fevraldan bu yana ikinci qolunu vuranda və ümumiyyətlə, bu cür ağır matçda meydanda özünü ən yaxşı tərəfdən göstərəndə, bir şeyi qətiləşdirdim ki, Abbasov seleksiya işində ölkədə “bir nömrə”dir.
U-21 millimizə də başçılıq edən mütəxəssisin son 3 ildəki əl işləri göz oxşayır.
Belajdi Pusi – “Turan Tovuz”a gətirdiyi albaniyalı 150 min dollar qarşılığında “Şamaxı”dan “Fakel”ə satıldı.
Otto Con – “Turan Tovuz”a gətirdiyi nigeriyalı 250 min dollar qarşılığında Tovuzdan Tripoliyə yollandı.
Rikardo Fernandes – portuqaliyalı qapıçı bu gün Azərbaycan Premyer Liqasının ən yaxşı qapıçısı hesab olunur.
Braham Konate – “Şamaxı” kimi ortababın heyətində 8 qol vurub, 3 qolun ötürməsini verməklə diqqətləri üzərinə çəkməyi bacarıb.
Leroy Mikels – Premyer Liqanın ən yaxşı vingerlərindən biridir, “elçilər”i qapıda dayanıb.
Alexandro Serrano – “Turan Tovuz”un “ürəyi” hesab olunan ispan ölkəmizdəki ən yaxşı mərkəz yarımmüdafiəçilərindən hesab olunur.
Roderik Miller – Həm müdafiədə, həm də hücumda effektli təsir bağışlamaqla “Turan Tovuz”un ağırlığını çiyinlərində daşıyırdı. O, zədələnəndən bu yana komandanın işləri yaxşı getmir.
Denis Marandiçi – Miller haqda yazılanlar eynilə Moldova millisinin üzvünə aiddir. Ayağı sınmasaydı, bəlkə o da sərfəli transfer məbləği qarşılığında başqa ölkəyə gedəcəkdi.
Bunlar göz önündə olan, ən çox diqqət çəkənlərdir. Dərinə getməklə siyahını Faiq Hacıyev, Rauf Rüstəmli, Rüfət Abbasov, Edqar Adilxanov kimi yerli tapıntılarla zənginləşdirmək olar.
Oynatdığı futbol nəticə qazanmağa hesablanmış, praqmatik ola bilər. Ancaq bu adam seleksiya işində və məhdud büdcə ilə böyük işlər görməkdə həmkarları arasında ön sırada dayanır.
Ümid edək ki, yaxın gələcəkdə U-21-in baş məşqçisi kimi ölkə futbolsevərlərini sevindirib, əsas milliyə talantlar qazandıracaq.
HƏBİB