“Ludoqorets”lə “Qarabağ” arasındakı oyunu idarə edəcək hakimlər briqadası məlumdur.
Sportinfo.az xəbər verir ki, qarşılaşmanın yükünü İtaliyadan olan ədalət təmsilçiləri daşıyacaq.
Meydanda əsas söz sahibi Simone Sozza olacaq. Yan xətlərdə ona Giorgio Peretti ilə David İmperiale yardım edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Marçetti yerinə yetirəcək.
“Qarabağ” ilk oyunda Bakıda məğlub olduğundan, gərgin cavab qarşılaşmasında hakimlərin qərarları ciddi önəm kəsb edəcək.
Sozzanın 36 yaşı olsa da, beynəlxalq təcrübəsi zəngin deyil. UEFA-nın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ağır görüşündə bu cür referiyə şans tanıması sual doğurmaya bilməz.
O, İtaliya A Seriyasının oyunlarına 2020-ci ildən təyinat alır. Avrokubok qarşılaşmalarında baş hakim kimi təyinat aldığı duel düz 1 il əvvələ təsadüf edir. Karyerasında cəmi 7 dəfə avrokubok görüşlərini idarə edib.
Bu oyunların 5-də meydan sahibləri qələbəyə sevinib, 1 halda heç-heçə qeydə alınıb, yalnız 1 halda qonaqların üzü gülüb. 3 dəfə qırmızı, 28 halda sarı vərəqəyə əl atıb.
Əsas milli komandalar səviyyəsində cəmi 1 qarşılaşmada baş hakim kimi iş başında olub ki, AÇ-2024-ün seçmə mərhələ görüşündə İspaniya Kipri meydana çıxmağa peşman edib – 6:0.
Bir sözlə, təcrübəsi elə də zəngin olmayan italyan referinin çılğın bolqar fanatlarının təzyiqinə nə qədər dözəcəyi şübhə doğurur. Ortada onun idarə etdiyi matçlarda əsasən meydan sahiblərinin sevinməsi faktı da var.
Avqustun 13-də “Huvepharma Arena”da keçiriləcək “Ludoqorets” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

