"Kəpəz" Premyer Liqanın 2-ci turunu da məğlubiyyətlə başa vurdu.
Bölgə klubu son çempion "Qarabağ"a səfərdə darmadağınla uduzdu - 0:3.
Matç qonaqların qapıçısı Rojerio Santos üçün ikiqat ağır oldu.
Həm komandası böyük hesabla uduzdu, həm də özü 24-cü dəqiqədə xəsarət alaraq meydanı tərk etməli oldu.
Onsuz da əlinin altında kasad heyəti olan Adil Şükürovu əcnəbi qolkiperin də yoxluğu ciddi narahat etməyə bilməzdi.
Nəzərə alaq ki, hesabın açılmadığı həmin dəqiqəyə kimi gəncəlilərin ən yaxşısı məhz elə Rojerio idi.
O, ən azı 3 epizodda yaxşı seyvlə yadda qalmışdı.
Portuqaliyalı legioneri isə Məmməd Hüsyenov əvəzlədi.
Amma o da həmkarından geri qalmadı.
Buraxdığı 3 qola rəğmən azərbaycanlı çərçivə qoruyucusunun çıxışı bir anda sosial şəbəkələrdə təqdir olundu.
Çünki bir neçə epizodda əla çıxarışla yadda qaldı. İlk şansındaca səviyyəsini ortaya qoya bildi.
Bəs görəsən, 25 yaşlı bu oğlan kimdir?
Onu araşdıranda bir çox maraqlı məqamlarla rastlaşdıq.
Məlum oldu ki, Məmməd üçün "Qarabağ" heç də yad komanda deyilmiş. O, burada uzun illər keçirib. Futbolçu kimi puxtələşib.
Belə ki, 1999-cu il təvəllüdül futbolçu 2007-ci ildən futbolla məşğul olmağa başlayıb və cəmi 1 il sonra “Qarabağ futbol akademiyasına seçilib.
Uzun müddət Ağdam klubunda futbolun sirlərini öyrənən kiper eyni zamanda Azərbaycanın aşağı yaş milli komandalarına da cəlb olunub.
2016-cı ildə respublikamızda keçirilən U-17 Avropa çempionatında U-17 millimizin əsas qapıçısı olub.
2018-ci ildə keçirilən UEFA Gənclər Liqasında "Qarabağ"la birgə çıxış edib.
"Qarabağ"ın yetirməsi olan Məmməd Hüseynov 2023-ci ildə "Zirə" komandasına transfer olub.
Bu ilin yayından isə Gəncənin "Kəpəz" komandası ilə müqavilə bağlayıb və komandanın əsas heyətində çıxış etməyə başlayıb.
Debut matçı yetirməsi olduğu komanda ilə görüşə təsadüf edib. Məhəmməd bu baxımdan fərqli hislər yaşadığını bildirir: "İlk dəfə yüksək liqada oyuna çıxdım. Debutum yetirməsi olduğum komandama qarşı olması isə əlavə fərqli hislər yaratdı. "Qarabağ"da uzun zaman keçirmişəm. Mənə doğma klubdur. Uşaqlığım "Qarabağ"a bağlıdır. Bu gün "Kəpəz"dəyəm. Əlbəttə ki, hazırkı komandam üçün əlimdən gələni etməyə çalışdım".
O, elə kiçik yaşlarından həmyaşıdlarından istedadı ilə seçilib. Onu yaxından tanıyan uşaq məşqçiləri bunu etiraf edir. Lakin nədənsə həmyerlimizin böyük futbola addım atması uzun zaman almalı olub. Düz 25 yaşında. Hüseynov buna belə reaksiya verib: "Hər bir futbolçu kimi mən də o şansı gözləyirdim. Düzdü, bəlkə də o şans gec gəldi. Amma belə məqamlarda düzgün seçimlər edib, səbirli olmaq lazımdır".
Adətən futbolçular təhsildən uzaq olur. Lakin Məhəmməd barədə bunu danışmaq qəti olmaz.
Qapıçı futbolla yanaşı təhsilini də unutmayıb. İkisini yanaşı uğurla davam etdirməyi bacarıb.
O, hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Məşqçilik ixtisasında (futbol məşqçisi) təhsil alır.
Bu, onun ikinci təhsilidir.
Daha əvvəl isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu olub.
Təbii ki, 2 cəbhədə də uğurlu olmaq asan deyil.
Bəlkə də bu məqam onun futbolçu kimi daha da parlaq karyera yaşamasını mane olub.
Amma özü fərqli düşünür: "Düşünmürəm ki, təhsil almağım futbolçu kimi inkişafıma mane olsun. Çünki hər zaman futbol həyatımı öndə tutmuşam. Ciddi yanaşmağa çalışmışam".
Məmməd uşaq futbolunda olduğu kimi, böyük futbola da ilk addımlarını "Qarabağ"a aid məkanda atdı.
Ümid edək ki, "Azərsun Arena"dakı debut uğurlu olacaq. Və biz tezliklə onun xoş sorağını iddialı klublardan eşidəcəyik.
Xanoğlan İmanov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub