AFFA İntizam Komitəsi "Araz-Naxçıvan" və "Qarabağ"ı cərimələyib.
Naxçıvan təmsilçisi I turda "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları matçdan sonra meydana kənər şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək.
Matç bitdikdən sonra futbolçular avtobusa rahat daxil ola bilmədikləri üçün 500 manat cərimələnib.
Həmin qarşılaşmada ikinci sarıdan qırmızı vərəqə alan "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev bir oyunluq cəza alıb, Ağdam klubuna 500 manat cərimə tətbiq edilib.
"Araz-Naxçıvan"ın aldığı cərimələr, əslində, onlara görə deyil. Qarşılaşmanın hakim-inspektoru Erkin Hüseynov oyunun prokolunda Muxtar Respublika təmsilçisinin mühafizə məsələsində ciddi boşluqlara yol verməsini qeyd edib.
Belə ki, nominal ev sahibləri bir neçə azyaqlı uşağın final fitindən sonra "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanova yaxınlaşmasına və onunla şəkil çəkdirməsinə mane olmayıb.
Həmçinin qonaqların avtobusa əyləşməsi bir xeyli vaxt alıb. Nəqliyyat vasitəsinin ətrafına yığışan uşaq və yeniyetmələr "Qarabağ"ın futbolçularından, çalışdırıcısından avtoqraf istəyib, "selfi" edib.
Maraqlısı da odur ki, həmin azyaşlıların bir çoxu vəzifəli şəxslərin övladları olub.
SPORTİNFO.AZ