Araikin açmaq istəmədiyi “sirr” - Putin ona zəng edib?

6 İyul 2022 15:50 Araşdırma 751
Araikin açmaq istəmədiyi “sirr” - Putin ona zəng edib?

“9 noyabr 2020-ci il tarixli bəyanatın 6-cı bəndində yazılıb ki, biz Laçın şəhərini tərk etməliyik”.

Bunu ötən həftə Qarabağdakı separatçıların lideri Araik Arutyunyan Laçın və Zabuxla bağlı deyib.

Terrorçubaşı əlavə edib ki, Qarabağı Ermənistanla birləşdirən yeni marşruta gəlincə, biz Laçından yan keçməliyik. “

Burada açmaq istəmədiyim sirlər var. Niyə biz bu seçimi etdik? Gələcək təhlükəsizliyimizə əsaslanır. Zabuxdan ermənilərin deportasiyası məsələsi müzakirə olunmayıb. Lakin 9 noyabr 2020-ci il tarixli bəyanatın 6-cı bəndində yazılıb ki, biz Laçın şəhərini tərk etməliyik. Zabuxla bağlı danışıqları davam etdiririk...”, - deyə oyuncaq rejimin rəhbəri bildirib.

Araik onu da deyib ki, guya istəsələr müvafiq tələbləri yerinə yetirməyə bilərlər, lakin bunun onlara baha başa gələcəyini də unutmurlar, bu səbəbdən də yerinə yetirəcəklər: “Biz bəyanatın 6-cı bəndini yerinə yetirməkdən imtina edə bilərik, lakin bunun nəticələri pis ola bilər. Mən də Laçından çıxmaq siyasətinə qarşıyam, amma 120 min insanımızın taleyini düşünməliyik”. A.Arutyunyan “Laçından və Zabuxdan çıxmasaq, nəticələr ağır ola bilər” dedikdə haqlıdır. Lakin quldur Araik ‘’120 min ermənin taleyini düşünməliyik’’, dedikdə, əlbəttə ki, 120 faiz yalan danışır. Çünki hətta işğaldan azad olunmuş torpaqlarımızda yaşayanda belə ermənilərin sayı Araikin səsləndirdiyi rəqəmin ən yaxşı halda, yarısı ola bilərdi. İndi isə əsasən Xankəndi və ətraf ərazilərdə yaşayan uzağı 20-25 min ermənidən söhbət gedə bilər. Aydındır ki, bu həqiqəti İrəvanda da, eləcə də ermənipərəst dəstəkçi dövlətlər də bilir. Bu yalan say artımı separatçılara qondarma status məsələsində lazım ola bilər ki, artıq o da mümkün deyil.

Amma maraq doğuran separatçıların liderinin Azərbaycanın çəkdiyi yeni yolla bağlı “açmaq istəmədiyim sirlərdir” ifadəsidir. Arutyunyan “niyə biz bu seçimi (yeni yola razılaşmağı-red.) etdik?” deyə sual edib və özü də “gələcək təhlükəsizliyimizə əsaslanır” cavabını verib?! Görünür, həm də separatçı öz rolunu şişirdib, guya ki, bu məsələdə onunla da məsləhətləşmələr aparılıb. Hətta iddia edir ki, Rusiya və Azərbaycandan təkliflər gəlib, amma rədd edib. Halbuki məlumdur ki, müharibənin son günlərində danışıqları Rusiya prezidenti Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan dövlət başçısı İlham Əliyevlə aparıb. Şuşadan tək ayaqqabı ilə qaçan Araiklə məsləhətləşmə heç Paşinyanın da yadına düşməyib. Bununla belə, hər bir halda Araikin “gələcək təhlükəsizliyimizə əsaslanır” sözləri üzərində düşünməyə dəyər. Ermənilər yeni yolu niyə “gələcək təhlükəsizlik” kimi təqdim edirlər? Bu yola ümumiyyətlə, Azərbaycanın nəzarət etməyəcəyini düşünürlər ki? Hərçənd yeni yola sülhməramlılarla Azərbaycanın hərbi polisinin də nəzarət edəcəyi məsələsi gündəmdədir. O zaman Araiki erməniləri nəyə arxayınlaşdırır, “gələcək təhlükəsizlik” nə deməkdir? Bununla yeni yoldan daha rahat istifadəyə işarə edilir, yoxsa hələ də “status”a bel bağlayırlar?

Xəyal Bəşirov: "Bu cür şəxslərlə dövlətin idarə edilməsi həqiqətən də  təhlükəlidir"

Xəyal Bəşirov

Siyasi şərhçi Xəyal Bəşirovun “Yeni Müsavat”a dediyinə görə, ermənilər 10 noyabr tarixli bəyanatı, eləcə də Moskva və Soçi razılaşmalarını öz bildikləri şəkildə cəmiyyətə çatdırmağa çalışır, təhrif edirlər: “Onlar yenə ”ermənilərin təhlükəsizliyi" məsələsini ortaya atırlar. Bu, süni şəkildə yaradılmış mövzudur. Alternativ yol istifadəyə verildikdə, Laçından çıxmalıdırlar, ermənilər bunu istəsə də, istəməsə də həyata keçirməlidirlər. Sadəcə, erməniləri sakitləşdirmək üçün yalanlar danışırlar. Kəlbəcər və Laçında yeni hərbi hissələr istifadəyə verildi, istənilən an həmin hərbi hissələrimiz antiterror əməliyyatlarına başlaya bilər. Bu reallığı ermənilər yaxşı görürlər. Araik demişdi ki, kabinetdən çıxıb hara getdiyimi də azərbaycanlılar bilir. Ona görə Azərbaycan hələ ki atdığı imzaya hörmət edərək razılaşmaların icrasını gözləyir. Ancaq bizim gözləntilərimiz çox çəkməyəcək, yeni yol istifadəyə verilənə qədər davam edəcək, məsələnin uzanmasına imkan verməyəcəyik".

Ekspertin fikrincə, odur ki, onların belə davranışları müəyyən müddət davam edə bilər, amma buna da son qoyulacaq: “Ağdam və Kəlbəcəri də təhvil verəndə vaxtı uzatmağa çalışırdılar, sonra çıxdılar, indi Laçını da tərk edəcəklər. Araik heç kimdir, onun bəyanatlarının xüsusi çəkisi yoxdur. Sadəcə, ermənilər narahatdır, separatçı rejim oradakı Azərbaycan vətəndaşı sayılan erməni əhalidən qalxan kimi istifadə etməyə çalışır ki, qanunsuz silahlı dəstələri saxlasınlar. Lakin antiterror əməliyyatı başlasaq, buna təcrübəmiz də var, mülki erməni əhalisinə zərər dəymədən separatçı tör-töküntüləri təmizləyə biləcəyik”.

PARTİYA LİDERİNDƏN

Fuad Əliyev

ALDP sədri Fuad Əliyev hesab edir ki, Araikin açıqlamalarını iki cür şərh etmək olar: “Əvvəla, erməniləri arxayınlaşdırır ki, yeni yol açılanda təminat və təhlükəsizlik daha yaxşı olacaq, sülhməramlılar onları ikiqat himayə edəcək, guya ”artsax" üçün yeni dövr başlanacaq. Demək istəyir ki, Laçını da veririk və Qarabağın dağlıq ərazisində tam oturuşuruq. Amma Azərbaycan Laçın yoluna alternativ ərazidə öz gömrük və sərhəd xidmətini qurmalıdır ki, onların arzusu gözündə qalsın. Artıq vəziyyət o həddə çatıb ki, Araikin başının gülləsi əskikdir. O adamın Xankəndindən meyiti çıxmalıdır, çünki danışdıqları ayrı seçim qoymur".

Partiya sədrinin sözlərinə görə, onun çıxışında ikinci nüans ermənilərin sayı ilə bağlıdır: “Araik yenə şişirdir, 120 min erməni Qarabağda ola bilməz. Laçında təkcə 180 nəfər var, digər ərazilərdə də sayları azdır, Xankəndi və Ağdərədə əsasən cəmləniblər, üst-üstə 27 min erməni var, Prezident də bunu açıqlamışdı. Hələ deyir ki, mənimlə məsləhətləşmə olub. Onu kim sayır ki?! Sadəcə, başından böyük qələt edir və Qarabağdakı erməniləri inandırır ki, guya onunla danışan var. Azərbaycan Qarabağ ərazisində separatizmə son qoymalıdır, bunun başqa adı yoxdur”.

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

Siyasi icmalçı Asif Nərimanlı qeyd edir ki, Ermənistan rəsmilərinin və Qarabağdakı separatçı-terrorçu rejimin son açıqlamaları, proseslərin mümkün inkişafı Azərbaycana hərbi müstəvidə addım atmaqdan başqa çıxış yolu qoymur: “Qarabağda erməni ordusunun qalıqlarını muzdlularla əvəzləmək istəyirlər, Laçın dəhlizinə alternativ marşrutun istifadəyə verilməsindən sonra Azərbaycanın nəzarətinə keçəcək ərazilərdəki erməniləri Ermənistana yox, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizə köçürməyi planlaşdırırlar, separatçıların qondarma ”ombusdmanı" ermənilərin Şuşanın Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə (bu kəndlər yeni marşrutun üzərində yerləşir) köçürmək niyyətlərini açıqlayır... Yəni Bakı Livandan, Suriyadan gətirilən bu ermənilərin Azərbaycan torpaqlarında qalmasına imkan verməməlidir. Zabux kəndində qalan ermənilər də çıxmaq istəmir. Baş separatçı Araik “Laçın şəhərini təhvil verəcəyik, lakin Zabux məsələsini həll etmək üçün Rusiya sülhməramlıları ilə danışıqlar aparırıq” deyir. Bunlar nə sözdən, nə danışıqlardan, nə də razılaşmalardan anlayacaq".

Digər Xəbərlər
Xəbər Lenti