Son 10 ildə AFFA tərəfindən milliləşdirilmiş futbolçular və onlara sərf olunan vəsaitlər

15 Oktyabr 2021 09:00 Araşdırma 1 441
Son 10 ildə AFFA tərəfindən milliləşdirilmiş futbolçular və onlara sərf olunan vəsaitlər

AFFA-nın vəkil Aslan İsmayılovu quruma böhtan atmaqda günahlandıraraq məhkəməyə verdiyini xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, AFFA rəsmiləri məhkəmə vasitəsi ilə İsmayılovun üzr istəməsini və 10 min manat məbləğində cərimə ödəməsini tələb edirlər.

Aslan İsmayılov AFFA ilə qarşıdurma ilə bağlı “feysbuk” hesabında paylaşım edib. O, paylaşımında AFFA-ya ünvanladığı sualları qeyd edib:

“Guya böhtan atdığıma görə AFFA məhkəmə qaydasında cəzalandırılmağımı tələb edir. Həqiqəti sübut etmək üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – AFFA-ya ünvanladığım 11 bənddən ibarət sualları olduğu kimi paylaşıram:

Ə R İ Z Ə (müvafiq sənədlərin istənilməsinə dair)

Sizin mənə qarşı (Səbail Rayon Məhkəməsində baxılan) iddianız üzrə obyektiv nəticənin əldə edilməsi üçün aşağıdakı sualların tərəfinizdən cavablandırılıb (cavabların əsasını təşkil edən sənədlərin surətini sübut qismində əlavə etməklə) bizə təqdim etməyinizi xahiş edirəm.

1. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Nizamnaməsini, ölkədəki futbol klublarının Nizamnamə və ya əsasnamələrini (eləcə də fəaliyyət istiqamətlərini formalaşdıran digər sənədlər);

2. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (bundan sonra AFFA-ya):

2.1. Son 10 il ərizində Azərbaycan dövlət büdcəsindən hər il üçün ayrılan pul vəsaitinə dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə);

2.2. Son 10 il ərzində FİFA-dan (AFFA-ya) hansı məbləğdə pul vəsaitinin ayrılmasına dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə);

2.3 Son 10 ildə hər il üçün ayrılıqda reklamlardan əldə edilən (daxil olan) vəsaitlərə dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə);

2.4. Son 10 ildə futbol oyunlarının yayımlarından hər il üçün ayrılıqda əldə edilən gəlirə dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə);

2.5. Son 10 ildə futbol oyunlarının bilet satışından hər il üçün əldə edilən gəlirə dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə);

2.6. Son 10 ildə ümumilikdə hər il üçün nə qədər və kimlər (hansı hüquqi və fiziki şəxslər, eləcə də digər sponsorlar) tərəfindən ianələr edilməsinə dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə);

3. AFFA-nın son 10 ildə bu müraciətin 2-ci maddəsində göstərilən əsaslarla (eləcə də varsa, digər əsaslarla) əldə edilmiş bütün vəsaitlərin hara (hansı istiqamətlərdə) dəqiq məbləği və təyinatları göstərilməklə xərclənməsinə dair detallı məlumatları (sübut edən sənədlərlə);

4. Ümumilikdə Azərbaycanda neçə futbol (kişi, qadınlar, uşaqlar, eləcə də çimərlik olmaqla) klubunun olması barədə məlumatları;

5. Mövcud olan bütün klublara son 10 ildə (hər il üçün məbləğlər göstərilməklə) hər birini ayrı, təyinatı göstərməklə ayrılan vəsaitlərə dair məlumatları;

6. AFFA-nın Almaniyada yaratdığı Futbol Məktəbinə yarandığı gündən bu günədək hansı məbləğdə pul vəsaitinin ayrılması və həmin futbol məktəbinin hazırda balansında hansı əmlakların olması barədə məlumatları;

7. Son 10 ildə (milli və klublar üzrə) hansı baş məşqçilər, məşqçilər və mütəxəssislərlə müqavilələrin bağlanması (əməkdaşlıq edilməsi) və onlara illik hansı məbləğdə pul vəsaitinin ödənilməsinə dair (onlarla bağlanmış müqavilələri və pul vəsaitinin ödənilməsini təsdiq edən sənədləri əlavə etməklə) məlumatları;

8. Son 10 ildə hansı (adları, soyadları göstərilməklə, eləcə də bu cavab məktubuna müvafiq müqavilələri əlavə etməklə) legioner futbolçuların alınması və onların hər birinə ödənilmiş vəsaitlərə dair məlumatları;

9. Son 10 ildə AFFA tərəfindən milliləşdirilmiş (naturallaşdırılmış) əcnəbi futbolçular və onlara sərf olunan vəsaitlər (konkret adlar və xərclənmiş vəsaitlər göstərilməklə) barədə məlumatları;

10. Son 10 ildə İran İslam Respublikasından ölkəyə gətirilmiş futbolçular (legionerlər və milliləşdirilmişlər daxil olmaqla) və onlara xərclənmiş vəsaitlər barədə məlumatları;

11. Son 10 ildə hər il üçün keçirilmiş Audit rəylərinin təsdiq edilmiş surətlərini.

Göstərilən sualların cavablandırılması və sənədlərin bizə təcili verilməsi məhkəmədə mübahisənin ədalətli araşdırılması üçün vacib və qaçılmazdır”.

Digər Xəbərlər
Xəbər Lenti