Həftədə 2 gecə evdə qal - Müqavilələrə salınan qəribə bəndlər

12 Sentyabr 2021 17:20 Araşdırma 875
Həftədə 2 gecə evdə qal - Müqavilələrə salınan qəribə bəndlər

Transfer dönəmində əksər klublar heyətlərinə ciddi şəkildə əl gəzdirirlər.

Sportinfo.az xəbər verir ki, Avropada hər hansı bir oyunçunun keçidi zamanı yalnız onun müqavilə müddəti, maaşı, transfer qiyməti, sərbəst qalma məbləği və alacağı bonuslar açıqlanır.

Ancaq müqaviləyə salınan bir çox bəndlər gizli saxlanılır. Təbii ki, onların bəziləri mətbuata sızdırılır. Bu yazıda indiyə qədər bəzi ulduz futbolçuların müqaviləsinə salınan qəribə bəndləri təqdim edirik. Onlar hətta futbol tarixinin ən absurd sözləşməsi sayılır.

Roberto Firmino – “Arsenal” haqda danışmamaq
Braziliyalı forvard 2015-ci ildə “Hoffenhaym”dan “Liverpul”a keçəndə ingilislər müqaviləyə bəzi maddələr əlavə etdi. Həmin maddələrdən birində yazılıb ki, Firmino “Arsenal” haqda danışa bilməz. Forvardın sərbəst qalma məbləği 98 milyon avrodur. Ancaq orada “Arsenal” istisna olmaqla” maddəsi də var.

Ronaldinyo – həftədə 2 gecə evdə qal
Əfsanəvi braziliyalı ölkəsinə qayıtdıqdan sonra fərqli klubların formasını geyindi. Gecə həyatı ilə tanınan Ronaldinyo “Flamenqo”ya transfer olunanda klubun bir şərti var idi: həftədə ən azı 2 gecə evdə qal, çıxma.

Luis Suares – dişləmə
Rəqib futbolçunun qolunu dişləməklə məşhurlaşan Luis Suares DÇ-2014-dən bəri heç kimi dişləmir. Halbuki ona qədər 3 dəfə belə hərəkətə yol vermişdi. “Ayaks”da olarkən Otman Bakkala, “Liverpul”da ikən Branislav İvanoviçə, Uruqvayın heyətində DÇ-2014-də isə Corcio Kyelliniyə dişini keçirmişdi. Həmin turnirdən sonra ulduz futbolçu “Barselona”ya keçdi. Kataloniya klubu öncədən tədbirini aldı və müqaviləyə “heç kimi dişləmə” maddəsi qoydu.

Samuel Eto – təyyarə
Kamerun futbolunun canlı əfsanəsi Samuel Eto Rusiyanın “Anji” klubuna keçdiyi vaxt Mahaçqalada yox, Moskvada yaşamağı qərara aldı. İki şəhər arasında 1000 km-dən çox məsafə olduğundan, klub onun üçün xüsusi təyyarə ayırdı. Eto həmin sürətli təyyarə ilə hər gün bu yolu qət edirdi.

Dennis Berqkamp – səfərə getməmək
“Uçmayan holland” Berqkampa bu ləqəb təyyarədən qorxduğu üçün verilib. Ulduz futbolçu “Arsenal”la müqavilə imzaladığı zaman təyyarə ilə getdikləri səfərlərə yollanmamaq haqqına sahib idi. London təmsilçisi də onu buna məcbur etmirdi.

Keysuke Honda – zirehli avtomobil
Ötən mövsümün sonlarında “Neftçi”nin formasını geyinən yaponiyalı futbolçu ölkəmizə gəlməzdən əvvəl Braziliya klubu “Botafoqo”da çıxış edib. Yarımmüdafiəçi “Botafoqo”ya keçərkən rəhbərlik qarşısında maraqlı tələb irəli sürüb. Şəhərdəki cinayətlərin çoxluğundan qorxan Honda zirehli avtomobil və onu qorumaq üçün iki cangüdən istəyib. Əks təqdirdə, futbolçu istənilən vaxt müqavilə xitam verə bilərdi.

Neymar – limitsiz uçuş
Neymar “Barselona”ya keçəndə kataloniya klubu ulduz futbolçunun Avropaya uyğunlaşması üçün əlindən gələni etdi. Klub futbolçunun özünü tənha hiss etməməsi üçün 14 gündən bir ailəsini və Braziliyadakı ən yaxın dostlarını Barselonaya gətirib. Uçuş biletlərini də La Liqa təmsilçisi öz alıb (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti