“Sabah”ın Çempionlar Liqasındakı rəqibi olan “Barselona”nın yarımmüdafiəçisi Dani Olmo İspaniya futbolunda hakimlik ətrafında yaranan müzakirələrə münasibət bildirib.
Mətbuatda “Real”ın “Atletiko” ilə qarşılaşdığı (1:2) Madrid derbisindəki hakimliklə bağlı müzakirələr davam edir.
Qarşılaşmadakı bəzi epizodlar “Real”ın narazılığına səbəb olub.
Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu yalnız meydanda danışdıqlarını söyləyib:
“Düşünürəm ki, ətrafımızda xüsusi səs-küy yoxdur, çünki qalib gəlirik. Bizi yalnız bu maraqlandırır: oyunlarda qələbə qazanmaq. Biz yalnız meydanda danışırıq”.
“Barselona” cari mövsümdə keçirdiyi 8 oyunun hamısında qələbə qazanıb. Hans-Diter Flikin komandası La Liqada 7 turdan sonra 21 xalla turnir cədvəlinə başçılıq edir.
“Atletiko” və “Betis” 16 xalla müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıb. “Real” isə 15 xalla dördüncüdür.
