Azad Rəhimov kim idi? - Komsomol katibliyindən nazirliyə gedən yol...

7 May 16:40 Araşdırma 654
Azad Rəhimov kim idi? - Komsomol katibliyindən nazirliyə gedən yol...

Gənclər və idman naziri Azad Rəhimov bir neçə gün öncə vəfat edib.

Sportinfo.az xəbər verir ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub.

Orta təhsilini Bakı şəhəri 134 saylı məktəbdə aldıqdan sonra 1981-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsinə daxil olub, 1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayan Azad Rəhimov 1987-1989-cu illərdə Azərbaycan LKGJ Xətai rayon komitəsində şöbə müdiri, 1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifələrində çalışıb.

O, 1994-1998-ci illərdə "Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək "İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.

Azad Rəhimov Azərbaycan Respublikası Prezidentinin 175 nömrəli, 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə gənclər və idman naziri vəzifəsinə təyin edilib.

Nazir Azad Rəhimov Avropa tarixində ilk dəfə təşkil olunan və 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının yüksək səviyyədə icra olunmasında xüsusi xidmətlər göstərib.

Onun fəaliyyəti dövrü 2012-ci ildə 17 yaşadək qızlar arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin Bakıda keçirilməsi, ölkəmizin tarixində ilk dəfə olaraq, Bakı şəhərinin 2016-cı il Yay Olimpiya Oyunlarına, daha sonra 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə qoşulması, 2016-cı il 17-19 iyun tarixlərində Bakının Formula-1 idmanı üzrə Avropa Qran-Prisinin keçiriləcəyi şəhərlər sırasına daxil olması, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi və s. kimi idman siyasətinin mühüm hadisələri kimi də yadda qalıb.

Azad Rəhimovun idman və gənclərlə iş üzrə fəaliyyəti yüksək qiymətləndirilib.

O, Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə "Şöhrət” ordeni, 24 iyul 2019-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə, Fövqaladə Hallar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin medalları ilə təltif edilib.

Bəs Azad Rəhimov necə nazir idi? Nazir vəzifəsinə gələnə qədər hansı sahədə çalışırdı? Sosial şəbəkələrdə bir qrup insan hakimiyyətin digər məmurları kimi onun da korrupsioner, büdcə pulunu dağıdan məmur olduğunu iddia edir. Məsələn, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması üzrə Beynəlxalq Jurnalist Layihəsi (OCCRP) Azərbaycanın Gənclər və İdman Naziri Azad Rəhimov tərəfindən ona yaxın olan şirkətlərin vasitəsilə 10 ildən çox müddət ərzində iri miqyaslı korrupsiyaya yol verdiyini iddia edib. Xüsusən də Azad Rəhimovun təşkil etdiyi “Formul-1" yarışlarını ”ciddi korrupsiya mənbəyi" adlandıranlar var.

Bununla belə, digər qrup mərhum Azad Rəhimovun çox səmimi, mətbuata açıq sadə məmur olduğunu, Ziya Məmmədov, Fazil Məmmədov kimi odioz fiqurlardan olmadığını qeyd edir.

Məsələn, insan hüquqları müdafiəçisi, blogger Emin Milli sosial şəbəkədə qeyd edib: “Azad Rəhimov 2006-2007-ci illərdə iki dəfə məni Leyla Əliyeva ilə görüşdürdü. Bu görüşlərdə mənim Leyla Əliyevadan yalnız bir xahişim olmuşdu ki, o öz atası, Prezident İlham Əliyevlə danışsın və ondan 5000 Azərbaycan tələbəsinin xaricdə, ən yaxşı Qərb universitetlərində təhsil almasının dövlət siyasəti kimi qəbul edilməsini xahiş eləsin.

Azerbaijan: Investigations from the German ′underground′ | Europe| News and  current affairs from around the continent | DW | 27.03.2017

Emin Milli

Bu təklif bizim o zamanlar “Gələcək Özü Gəlməyəcək” şuarı altında apardığımız geniş bir kampaniyanın tərkib hissəsi idi. Leyla xanımla son görüşümüzdən çox qısa bir zaman sonra bu proqram qəbul olundu və minlərlə azərbaycanlı gənc dövlət hesabına dünyanın ən yaxşı universitetlərində təhsil aldılar.

Çoxları Azərbaycana döndü, bəziləri bu gün Azərbaycana ən müasir fikirləri, bilikləri və idarəçiliyi gətirən yüksək vəzifəli şəxslərdir. Onlardan da biri hamınızın tanıdığı və hörmət etdiyiniz təhsil naziri Emin Amrullayevdir.

O zaman hökumətin içində belə bir proqramı dəstəkləyən də və bu ideyaya qarşı çıxan da, bunun dövlətçiliyə böyük təhlükə olduğunu deyən konservativ güclər də çox idi. Demək istədiyim budur ki, bu proqram həm də Azad Rəhimov kimi məmurların və dostların siyasi dəstəyi hesabına mümkün oldu.

Azad Rəhimov bizim FASE forumlarına gəlirdi, bizi tam dəstəkləyirdi, bizimlə bir dost kimi davranırdı, bizə atanın oğula, qardaşın qardaşa etmədiyi yaxşılıqları edirdi..."

Tural Abbaslı (@TuralAbbasli) | Twitter

Tural Abbaslı: “Görüşümüz zamanı onunla səmimi söhbət apardıq, daha çox demaqoqluğu mən edirdim, nəinki o”

AĞ Partiya sədri Tural Abbaslı isə “Yeni Müsavat”a deyib ki, 2006-cı ildə Azad Rəhimov nazir vəzifəsinə təyin olunan dövrlərdə onunla şəxsən görüşüb, söhbətləşib: “Bu dünyada etdiklərindən asılı olmayaraq, hər bir dünyasını dəyişən insana rəhmət düşür. Bu baxımdan Azad Rəhimovun yaxınlarına başsağlığımı bildirirəm, Allah rəhmət eləsin, günahlarını bağışlasın. Qeyd edim ki, Azad Rəhimov yeni təyin olunan zaman Müsavat Gənclər Təşkilatının yaranması dövrü üst-üstə düşmüşdü. Beləliklə, həmin vaxt Azad Rəhimov gənclər və idman naziri təyin olunmuşdu, mən isə Müsavat Gənclər Təşkilatının rəhbəri idim. O zamanlar bir kampaniya apardıq ki, Gənclər və İdman Nazirliyi hakim partiya gəncləri ilə müxalifət partiyası gəncləri arasında fərq qoyur və sairə. Bildiyiniz kimi, Azad Rəhimovdan əvvəl bu vəzifədə Əbülfəz Qarayev idi və o, ümumiyyətlə, gənclərlə işləmirdi. Beləliklə, apardığımız bir həftəlik təbliğatdan sonra Azad Rəhimov təmsil etdiyim təşkilat və digər iki gənclər təşkilatı ilə görüşəcəyi barədə xəbər göndərdi. Biz də ilk müxalif gənclər təşkilatı olaraq onunla görüşdük. İnsan olaraq çox səmimi, sadə idi. Görüşümüz zamanı onunla səmimi söhbət apardıq. Hətta deyə bilərəm ki, daha çox demaqoqluğu mən edirdim, nəinki Azad Rəhimov. İnsan kimi o vaxt mənə çox səmimi insan obrazı bağışladı və o görüşdən sonra da demək olar ki, bir il yarım müddətində bütün müxalif gənclər təşkilatları gənclərə aid olan bütün tədbirlərə dəvətlər aldılar. Yəni iqtidar və ya müxalif partiyadan olması fərq etməyərək, gənclər eyni səviyyədə bu tədbirlərdə iştirak edirdi. Lakin sonra bilinməyən səbəbdən bu proses dayandı. Amma o zaman çox gözəl ünsiyyət yaranmışdı, gənclər öz problemlərini rahat şəkildə qeyd edə bilirdi. Bugünkü dialoqun kiçik forması o vaxt gənclər təşkilatı ilə Gənclər və İdman Nazirliyi arasında yaranmışdı.

Ümumən götürəndə isə əlbəttə ki, iqtidarın əsas nazirlərindən biri idi. Təbii ki, hakimiyyətin siyasətindən kənar addım atmamışdı, ümumilikdə iqtidarın bir komponenti idi. Amma şəxs olaraq Azad Rəhimov daha pozitiv, daha islahatlara meyilli insan kimi xatirimdə qalıb".

“Azad Rəhimovun yerinə kim gələ bilər?” sualımıza isə partiya sədri bu cür cavab verdi:

“Əlbəttə ki, bu məsələ Prezidentin səlahiyyətindədir. Hər halda, gənclər və idman naziri olmaq üçün müəyyən kriteriyalar var. Əsasən də gənclərin dərdini, idmanın problemini bilən, Azərbaycanı sevən bir şəxs olmalıdır. Çünki idman həm də Azərbaycanın kənarda təbliği, təqdimatıdır. Buna can yandıracaq, gənclərin içərisində ola biləcək, gənclərin hər təbəqəsinin problemlərinə bələd ola biləcək insan olmalıdır. Yəni xalqın gəncliyinin içərisindən çıxan olmalıdır. Amma tutaq ki, ömür boyu Azərbaycandan xaricdə yaşayan, Kembric Universitetində təhsil alan şəxs çətin ki, yaxşı gənclər və idman naziri olsun. Çünki qeyd etdiyim kimi, bu nazir mütləq xalqın içərisindən biri olmalıdır. Gələcək nazirin sırf idmançı olması da məqsədəuyğun deyil. Çünki nazir gənclərlə ünsiyyət qurmalı, siyasəti müəyyən etməli, təşəbbüsləri olmalı, bəzi məsələləri qaldırmalıdır”.

Xəbər Lenti
23 İyun 13:40 Kapitan 1 il də qaldı