“Real”ı müflis edən “Qarabağ” - Və ya böyük klubların böyük şantajı

23 Aprel 13:00 Araşdırma 438
“Real”ı müflis edən “Qarabağ” - Və ya böyük klubların böyük şantajı

Bu həftə dünyanın, xüsusən də Avropanın gündəmində nə Rusiya-Ukrayna qarşıdurması, nə də ABŞ-Çin çəkişməsi dururdu.

Avropa gündəmində “futbol zəlzələsi” yaşandı. Deyəsən, “pandemiya hər şeyi dəyişəcək” iddiası təsdiqini tapır.

Amma bu “futbol zəlzələsi” dəyişmək istəməyənlərin yaratdığı “təkan” hesab olunmalıdır. Ancaq güman etmirəm ki, bu “təkan” nəyi isə dağıda bilsin.

Keçək təfərrüata.

“Qarabağ”ın nə günahı?

İspaniya, İngiltərə və İtaliyanın 12 klubu Superliqa ideyasını gündəmə gətirməklə futboldakı düzəni pozmaq niyyətlərini göstərdilər. Əslində Avropa futbolunda düzən çoxdan pozulmuşdu.

Varlı klublar daha da varlanmağa, kasıblar daha da kasıblamağa başladıqları dönəmdən. Kapitalist düşüncəsi futbolda idman prinsiplərini biznes maraqlarına çoxdan qurban verib.

Əlbəttə, futbol həm də biznesdir. Amma bu biznesi imperialist düşüncəyə - “hər şey bizim olsun” yanaşmasına çevirəndə futbolun ali prinsipi itir. İtirsə, futbol azarkeşlərin – sadə insanların, kasıbların yox, bir qrup kapitalistlərin “oyunu” olur.

Sözün bütün mənalarında oyunu. Superliqa yaratmaq istəyən klubların əsas amalı budur – daha çox qazanmaq. Daha doğrusu, “yalnız biz qazanaq” düşüncəsi.

Onsuz da, UEFA zaman-zaman böyük klubların diktəsinə boyun əyib. Baxmayaraq ki, UEFA-nın əsas prinsipi futbolun daha da populyarlaşması, bütün Avropada inkişaf etdirilməsidir.

Elə ona görə də, Avrokuboklarda böyük klubların maraqları daim nəzərə alınıb. “Qarabağ”, BATE kimi klublar hərdən-birdən Çempionlar Liqasının qrup mərhələsində görünüblər.

Amma sən demə, bu “hərdən-birdən” də böyük klubların gözünə girirmiş, onları daha çox qazanmaqdan, yağmalamaqdan qoyurmuş.

Ancaq hesab edirəm ki, böyüklərin bu iddiası böyük bəhanədir. Kiçik klubların Çempionlar Liqasının təsnifat mərhələsindən başlayaraq qruplarda əldə etdikləri qazancı gözəyarı hesablasaq, 200 milyon dollardan artıq olmaz.

200 milyon dollar isə daha çox qazanmaq istəyənlərin bir futbolçuya ödədiyi məbləğdir. Yəni “Real” bir futbolçuya ödədiyi məbləği, Avropanın yerdə qalan digər klublarının il ərzində qazanmasını da istəmir.

Deyək ki, kiçik klublar bu 200 milyondan da məhrum edildi. “Real”ın yarası sağalacaqmı, borcdan qurtulacaqmı? Təbii ki, yox. Deməli, böyük klubların borc içində boğulmasının günahkarı nə “Qarabağ”dır, nə də BATE.

Bu vəhşi rəqabət artdıqca...
Elə isə səbəb nədir? Əsas səbəbin təməli bu gün yox, illər əvvəl qoyulub. Məsələn, rəhmsiz kapitalist Florentino Peres “qalaktikos” yaradanda başlamışdı bu proses.

“Qalaktikos” yaranmasından sonra “Real”ın illik büdcəsi 200 milyon avrodan 1 milyard avroya yüksəldi. Bu büdcənin də 80 faizi futbolçuların məvacibi üçün sərf edilir.

Aydın oldu, nə demək istədiyim? Bazar qiyməti 15-20 milyon avro olan futbolçuların dəyərini 200 milyon avroya kim yüksəltdi? İllik məvacibi 1-3 milyon avro olan ulduz futbolçuların məvacibini 40-50 milyon avroya kim qaldırdı?

Nə “Qarabağ”, nə də BATE-nin bunda zərrə qədər günahı yoxdur. Vəhşi kapitalist rəqabətinin yaratdığı situasiyadır bu. Bu vəhşi rəqabət artdıqca, biletlərin də, klub formalarının da qiymətləri sürətlə artırdı.

Kim idi, o biletlərin, formaların alıcıları? Kasıb təbəqə. Vəhşi kapitalistlərin amansız rəqabətində də soyulan elə kasıblar idi.

Futbol 16-20 komandanın mübarizəsindən ibarət olmalıdır?

Və budur, pandemiya dünyanı bürüyür. Florentino Peres daha kasıblara – azarkeşlərə bilet, forma sata bilmir, büdcəni doldurmaq mümkünsüz olur.

Dəyərindən artıq pul ödədiyi ulduzlar isə məvaciblərin azaldılmasını qəbul etmirlər. Onlar da Peresin xarakterini mənimsəyiblər. Beləcə, “Real” müflis olur.

Amma Peres müflis olmağın əsl səbəbini tapıb bunu aradan qaldırmaq niyyətində deyil. Əslində çox gözəl bilir səbəb nədir. Amma kapitalist mahiyyəti bunu diktə edir: tələb et.

Buna görə də şantaj yolunu tutur. Və elə “Real” kimi idarə olunan klublar da bu şantaja qoşulurlar. Suerliqa ideyasına dəstək verənləri futbol yox, pul düşündürür.

Onlar hesab edirlər ki, Avropa futbolu 16-20 komandanın mübarizəsindən ibarət olmalıdır. Təbii ki, UEFA böyüklərə nə qədər güzəşt etsə də, bu şantajı qəbul edə bilməz.

Nəinki UEFA, Avropada futbolun idman prinsiplərindən tamamilə uzaqlaşmasını istəməyən mütərəqqi qüvvələr də buna qarşı mübarizə aparmalıdırlar.

Pandemiya diktə edir: yolunuzu dəyişin, amma...

Bəs Superliqa yaradılsa, böyük klubların problemləri həll olunacaqmı? Əminliklə “yox” deyirəm. Çünki Superliqada yaradılacaq süni rəqabət hər bir klubu istənilə vasitə ilə uğur qazanmağa vadar edəcək.

Yəni futbolçuların qiyməti daha da artacaq. Bu da məvaciblərin artmasını şərtləndirəcək. Bir neçə ildən sonra bir futbolçunun qiyməti yarım milyarda, illik məvacibi isə 100 milyon avroya yüksələcək.

Və məlum olacaq ki, klubların Superliqadan əldə etdikləri gəlir də xərcləri ödəmir. Onda başqa şantaja əl atılacaq.

Amma sadə insanlar pandemiyadan sonra fərqli situasiya gözləyirdilər axı – klub rəhbərləri futbolçu almaq üçün ağlasığmaz vəsait ödəməyəcəklər, oyunçuların məvacibi azaldılacaq.

Ancaq görünür, vəhşi kapitalist mahiyyəti sosial ədalət prinsipini qəbul etmir.

“Superliqa şantajı”na əl atanların istəklərinə nail olmayacaqları da əvvəldən bəlli idi. Çünki UEFA-nın əlində sərt cəza mexanizmləri mövcuddur.

Üstəlik, FİFA da UEFA-ya dəstək verdi. Əvvəlcə UEFA bəyan etdi ki, Superliqada iştirak edəcək futbolçular Dünya və Avropa çempionatında iştirak edə bilməyəcəklər.

Bu böyük turnirlərdə iştirak etmək isə hər bir futbolçunun arzusudur. Ola bilsin ki, qoca Messi məvacibinin ikiqat artırılması müqabilində Argentina yığmasından imtina etsin, amma daha gənc oyunçuların bu istəkdə olacaqları inandırıcı deyildi.

Üstəlik, öz ölkələrində onlara qarşı formalaşacaq ictimai qınağı da unutmamalıyıq. Və elə bu xəbərdarlıq bəs etdi ki, klublar Superliqadan imtina etsinlər.

Əgər bu xəbərdarlıq effektli olmasaydı, onda UEFA Superliqada iştirak edəcək klubların futbolçularına azad agent statusu verə bilərdi. Belə olacağı təqdirdə, “Real”ın “Barselona”nın heyətində bir-iki futbolçu qalacaqdı.

Elə digər klublar da eyni aqibətlə üzləşəcəkdi. Çünki azad agent statusundan yararlanan futbolçular rahatlıqla digər nəhənglərə üz tutacaqdılar.

Ondan sonra “Real” olacaqdı adidən də adi bir komanda. UEFA-nın əlində bunlardan savayı da bir neçə ciddi təsir imkanları var.

Ona görə də Superliqa iştirakçılar Florentino Peresi meydanda tək qoyub qaçmağa üstünlük verdilər. Amma müəyyən mənada istəklərinə də nail olacaqlar bu klublar.

UEFA müəyyən güzəştlərə gedəcək. Və UEFA-nın güzəşti “Qarabağ”, BATE kimi klubların başında çatlayacaq. Böyük ehtimalla, Çempionlar Liqasının, Avropa Liqasının formatı dəyişdiriləcək.

Azərbaycan, Belarus kimi ölkələrin klublarının qrup mərhələsinə düşməsi daha da çətinləşdiriləcək. Ancaq bununla böyük klubların problemləri həll olunacaqmı? Qətiyyən.

Transfer bazarında qiymətlər, futbolçuların məvacibləri aşağı düşməsə, nəhənglər həmişə müflis həddində olacaqlar. Biletlərin, formaların qiymətlərini nə qədər qaldırsalar da, “Qarabağ”, BATE kimi klubların qazandıqları qəpik-quruşa göz diksələr də.

Pandemiya diktə edir: yolunuzu dəyişin, amma sosial ədalət yönünə.

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti