"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"suna qarşı keçirəcəyi cavab oyununa hakim təyinatları açıqlanıb.
Görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək.
Oyunda dünyaca ünlü Maykl Oliver fit çalacaq.
Ona yan xətlərdə Stüart Burt və Lee Betts kömək edəcək. Kris Kavanaq isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
39 yaşlı ədalət təmsilçisi zəngin təcrübəyə sahibdir. 2012-ci ildən beynəlxalq oyunlara baş hakim kimi təyinat alan Oliver bu günə qədər Avropanın bütün nəhəng komandalarının matçlarını idarə edib. DÇ-2022-ün final mərhələsində 3, AÇ-2024-ün həlledici etapında 4 oyunda iş başında olub.
O, 2010-cu ildə - 25 yaş 182 günlüyündə İngiltərə Premyer Liqasında “Birmingem” – “Blekbern” matçını idarə etməklə çempionatın tarixinə ən gənc hakim kimi düşüb.
Hər nə qədər maraqlı olsa da, Maykl bu günə qədər Azərbaycana səfər etməyib. Bu, onun ölkəmizə ilk gəlişidir. Ümumiyyətlə, karyerası ərzində millilərimizin və klublarımızın görüşlərini idarə etməyib.
Əvəzində, “Dinamo”lular onu yaxşı tanıyır. Avrokuboklarda 3 dəfə zaqreblilərin matçlarında fit çalıb.
2015-ci ildə Çempionlar Liqasının təsnifat mərhələsində idarə etdiyi drammatik “Mölde” – “Dinamo” dueli 3:3 hesabı ilə başa çatıb. Oliver həmin qarşılaşmada “Dinamo”nun qapısına 3 penalti təyin edib. Lakin norveçlilər cəmi 1-ni qola çevirməyi bacarıb. Əvəzində, “Mölde”nin futbolçusunu meydandan qovub.
İngiltərəli ilə xorvatların yolu 2016-cı ildə yenə Çempionlar Liqasında, lakin bu dəfə qrup mərhələsində kəsişib. “Maksimir” stadionunda keçirilən “Dinamo” – “Sevilya” matçının yekununda yeganə qola sevinən tərəf ispanlar olub.
2019-cu ilin martında – Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan “Dinamo” – “Benfika” dueli məhz Oliverə həvalə olunub. “Maksimir” stadionunda gerçəkləşən qarşılaşmada xorvatlar 1:0 hesabı ilə qələbə qazanıb.
Sözsüz, illər öncə ilə müqayisədə “Qarabağ”ın rəqibinin heyəti büsbütün dəyişib. Lakin klubda çalışan və uzun illərdir “Dinamo”nun sıralarında olanlar ingilis hakimi yaxşı tanıyırlar.
Maykl Oliverin bu oyunu idarə etməsi xoş hal kimi qiymətləndirilməlidir. Çünki bu cür hakimlər həm təcrübə baxımından yükü daşımaq bacarığında olur, həm də uşaq səhvlərinə yol vermirlər. Ümid edək ki, adına və imicinə yaraşan idarəçilik olacaq.
Avqustun 28-də Tofq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dinamo" oyunu saat 20:45-da başlayacaq.
Bu komandalar arasında Zaqrbdə keçirilən görüşdə "Dinamo" 3:0 hesablı qələbə qazanıb.
HƏBİB / SPORTİNFO.AZ

