Azərbaycan Qarabağın bərpasında Türkiyə modelini tətbiq edəcək

18 Yanvar 2021 16:30 Araşdırma 977
Azərbaycan Qarabağın bərpasında Türkiyə modelini tətbiq edəcək

Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonu Ermənistanın işğalından azad edən Azərbaycan bu bölgələrin bərpası üçün işlərə başlayıb.

Hökumət işğal illərində viran qoyulmuş bütün əraziləri bərpa edərək, illərdir ata-baba ocaqlarından uzaq düşən vətəndaşların ən qısa zamanda doğulduqları torpaqlara dönüşünü hədəfləyib.

Sportinfo.az xəbər verir ki, Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev Türkiyə mediasına açıqlamasında inşaat layihələri sahəsində aparılan işləri və yenilikləri dəyərləndirib:

“Nazirlər Kabineti bu sahədə dünyadakı ən yaxşı modelin hansı olduğu ilə bağlı araşdırma aparıb. Bizə ən uyğun modelin, xüsusən inşaat sahəsindəki inkişafını və son 20 ildəki sıçrayışını nəzərə alaraq, Türkiyə modelinin olacağını düşündük. Ona görə bir neçə seçim arasından Türkiyəyə üstünlük verdik.

Türkiyədə gerçəkləşdirilən inşaat layihələrində sifarişçi qurum tərəfindən minimum qiymət verilir. Burada da eyni sistem tətbiq ediləcək.

Köhnə modeldə əcnəbi hər hansı şirkətin Azərbaycana gələrkən burada minimum qiymət müəyyənləşdirmə sistemi başqa idi. Əcnəbi şirkətlər çətinlik çəkirdi, müddət uzanırdı, bürokratik işlər artırdı. Amma indi daha asan olacaq. Türkiyə və ya əcnəbi bir şirkət burada öz ölkəsindəki kimi müqavilələri hazırlaya biləcəklər”, - deyə F.Mustafayev əlavə edib.

Feyruz Mustafayev qeyd edib ki, əsas məqsəd yaxın zamanlarda Dağlıq Qarabağ ətrafındakı rayonların yenidən qurulmasıdır:

“Türkiyə və azərbaycanlı iş adamları buranı birlikdə yenidən quracaq. Füzulidən Şuşaya yeni yolun inşasında Türkiyə və Azərbaycan şirkətləri bərabər çalışırlar. Bu da ilk addımdır. Bugünədək Türkiyə şirkətləri Azərbaycanda 16 milyard dollara yaxın layihə udublar.

Təkcə Qarabağda deyil, Azərbaycandakı bütün layihələrdə Türkiyə şirkətləri daha asan və daha diqqətçəkən şəkildə təkliflər verə biləcəklər. Bunun Azərbaycana faydası rəqabətin yüksəlməsi və keyfiyyətin artması olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti