«Şahdağ» II Liqada liderliyini daha da möhkəmləndirib.
Qusar təmsilçisi buna şimal derbisində nail olub.
Qubada «Hypers»in önünə çıxan Elnur Abdullayevin komandası erkən qollarla işini asanlaşdırıb. Tural Qürbətov 15-ci dəqiqədə cərimə meydançasının önündən gözəl zərbəylə hesabı açıb.
Dörd dəqiqə sonra uzun ötürməni qəbul edən Famil Camalov qapıçıyla təkbətək qalıb və topu yaxın küncə göndərməklə fərqi artırıb.
Ev sahibləri fasiləyədək rəqibə ciddi çətinlik yaşada bilməyib. İrəli ucda Cavid İmamverdiyevlə Nurlan Novruzovun fərdi bacarığına ümid bəsləyən «Hypers» yalnız ikinci hissədə özünə gəlməyə başlayıb.
61-ci dəqiqədə künc zərbəsindən sonra önünə düşən topu tora sancan Nurlan nubalıları ümidləndirib. 67-ci dəqiqədə baş hakim Səbuhi Bayramov stadiona toplaşanları ayağa qaldırıb.
Novruzov cərimə meydançası daxilində müdafiəçinin aşkar kobudluğuna məruz qalıb, di gəl, referi qayda pozuntusuna göz yumub. Ayaqları «yerdən biçilən» hücumçu ağrı içində qovrulub, «fit sahibi» buna da fikir verməyib.
Həə… Səbuhi Bayramovdur da o. Premyer Liqa və I Liqanın əksər komandalarının rəhbər şəxslərinə, məşqçilərinə yaxşı tanış biridir.
Vüqar Nadirov «Hypers»i II Liqanın qalibi etmək istəyirsə, belə hakimlərlə bağlı hansısa «tədbir» görməlidir.
AFFA və ya Peşəkar Futbol Liqasına şikayət-zad yox e! Daşa söz dedin, ya onlara - heç fərqi olmaz.
PFL-in rəhbər şəxslərindən birinin yaxın qohumu «Şahdağ»da mühüm vəzifə tutur. Onu kənara qoyub, «Hypers»in narazılığına baxan kimdir?
Qayıdaq oyunun son bölümünə. Famil Camalov 77-ci dəqiqədə növbəti dioqonal ötürməni qola çevirib. «Hypers» son dəqiqələrdə yenə irəli atılıb, amma bu, daha çox daldan atılan daşa bənzəyib.
Xaotik hücumlar cərimə meydançasının dərinliyinə qədər «işləməyib», yarıda qırılıb.
«Hypers» bu məğlubiyyətdən sonra 18 xalla üçüncü pillədə qalıb. «Şahdağ» 24 xalla zirvədə təkhakimiyyətliyini təmin edib.
SPORTİNFO.AZ