Vidadi Əhmədov: “Turan” Premyer Liqada oynamasa..."

1 May 2017 13:12 I Divizion 1 209
Vidadi Əhmədov: “Turan” Premyer Liqada oynamasa..."

Sportinfo.az “Turan”ın ilk prezidenti Vidadi Əhmədovun müsahibəsini təqdim edir:

“Turan Tovuz” ilk dəfə I divizionda çempion oldu. Təltifetmə mərasimində siz də iştirak etdiniz. Uzun fasilədən sonra baş çəkdiyiniz stadiona ayaq basanda nələri xatırladınız?
- Əsas sevindirici məqam 25 il əvvəl yaradılan “Turan”ın bu gün də yaşaması, fəaliyyət göstərməsidi. Komandanın qazandığı nəticəni məqbul hesab etmək olar. Mübariz əhval-ruhiyyə, heyətə cəlb edilən gənc futbolçularda inkişaf gördüm. Tovuz klubunun bu gün I divizionda oynaması səbəbsiz deyil. Maliyyə çatışmazlığı üzündən komanda aşağı dəstədə çıxış edir. I divizionda olsa belə, qalib gəlmək, çempion olmaq komandanın, kollektivin uğurudu. Hər bir uğurun arxasında gərgin əmək, iş dayanır. Bu baxımdan, rayon, eləcə də klub rəhbərliyinin xidmətlərini və qayğısını da unutmaq olmaz. Amma hamılıqla mövcud problemləri də həll etməyə çalışmalıyıq. Mükafatlandırma mərasiminə gəldikdə, orda iştirak etməkdən, qalib komandanı təbrik etməkdən, rayonumuzun futbol ictimaiyyətini, azarkeşlərimizi görməkdən məmnun oldum. Bir anlıq da olsa, 1992-94-cü illərə qayıtdım, çətin, ağır günlərdə gördüyümüz işləri, eləcə də qazanılan uğurları xatırladım.

“Turan” sizin şah əsərinizdi. Xələflərinizin gördüyü işləri necə qiymətləndirirsiniz? Təəssüfləndiyiniz məqamlar oldumu?
- Stadionun təbii ot örtüyünün süni ilə əvəzlənməsinə təəssüfləndim. Meydançada gəzəndə hiss etdim ki, hazırkı örtük yüksək tələblərə cavab vermir. Söhbət əsnasında bildirdilər ki, meydançanın yüklənmə saatına diqqət yetirsək, təbii örtük tab gətirməzdi. Çünki klubun başqa meydançası yoxdu və bütün yaş qrupundan ibarət komandalar, eləcə də əsas heyət məşqlərini bu məkanda keçirlər. Buna da ancaq süni örtük tab gətirə bilər. Yəni dəyişiklik bununla bağlıdı. Bizim rəhbərlik dövrümüzdə rayon mərkəzinə yaxın ərazidə fəaliyyət göstərən bir neçə məktəblə əlaqələr yaratmışdıq və məşq prosesi zamanı həmin meydançalardan istifadə edirdik. Belədə əsas stadionumuz çox yüklənmirdi, çempionat oyunlarına hazır vəziyyətdə olurdu. Bu təcrübədən niyə istifadə edilməməsi ilə vaxt azlığı üzündən maraqlana bilmədim.

“Turan”ın rayon camaatı üçün mənəvi dəyəri də böyükdü. Xüsusilə, müharibə illərində klub rayon camaatının müdafiə qalasına çevrilmişdi. Bu gün necə, həmin marağı hiss etdinizmi?
- Azarkeşlərlə söhbət etməyə vaxtım olmadı. Amma futbol veteranları ilə söhbətləşdik, müəyyən fikirlər paylaşdıq. Bu gün hamı “Turan Tovuz”un Premyer Liqada çıxış etməsini istəyir. Fikrimcə, komanda Premyer Liqaya yüksəlsə, bu, ölkə futbolu üçün də böyük əhəmiyyətə malik olacaq, sovet illərində, eləcə də müstəqilliyin ilk vaxtlarında futbolumuzun inkişafına verdiyi töhfəni yenə davam etdirəcək. Azarkeşlər yenə komandanı yalnız buraxmamışdılar. Komandanın I divizionda çıxış etməsinə baxmayaraq, tribunaları doldurmuşdular. Ola bilsin, əvvəlki çılğınlığı müşahidə etmədim. Bu da yəqin komandanın Premyer Liqada deyil, aşağı dəstədə oynamasının nəticəsidi.

Bu gün əsas sual “Turan Tovuz”un Premyer Liqada çıxış edib-etməyəcəyi ilə bağlıdı…
- Rayon rəhbərliyi, eləcə də Tovuzdan seçilmiş millət vəkili Qənirə Paşayeva ilə söhbətimiz oldu. Hər kəs komandanın Premyer Liqaya yüksəlməsi üçün imkanlarını səfərbər etməyə çalışır. İndi də stadion rayon ictimaiyyətinin üz tutduğu məkandı. Onlar da istəmirlər ki, azarkeşlər başqa səpkili fikirlərə düşsünlər. Buna görə də, onları sevindirmək üçün əllərindən gələni edirlər. Əslində, AFFA-nı da başa düşmək olar, artıq klublar özlərini maliyyələşdirməyin yollarını tapmalıdı. Bir-iki il kluba işlərini qurmaq, maliyyə qaynaqlarını tapmaq baxımından kömək etmək olar. Bu gün AFFA əksər klublara köməklik edir, onların fəaliyyətini davam etdirməsinə çalışır. Buna görə futbol ictimaiyyəti onlara minnətdar olmalıdı, amma bu yolla uzağa getmək mümkün deyil.

Sizin təklifləriniz varmı?
- Açığı, bu gün hansısa təklif səsləndirməyə hazır deyiləm. Çünki uzun müddətdi bu sahəni kənardan izləyirəm. Bu işlə mütəxəssislər məşğul olmalı, təhlillər aparmalıdı. Klublar digər ölkələrin təcrübəsindən faydalanmalı, maliyyə qaynaqları yaratmalıdı. Təəssüf ki, hazırda ölkəmizdə öz hesabına yaşayan klubların sayı çox azdı.

Konkret “Turan Tovuz”dan danışsaq, necə etmək olar ki, rayonun imkanlı iş adamları klubun ətrafında birləşsinlər?
- Tutaq ki, hansısa nüfuzlu şəxs tovuzlu iş adamlarına müraciət etdi və onlar kluba müəyyən qədər yardım etdilər. Bu, çıxış yolu deyil axı. Əsaslı işlər görülməlidi.

Bəlkə bir neçə tovuzlu iş adamı, eləcə də, vaxtilə bu sahədə çalışmış insanlar AFFA rəhbərliyi ilə görüşsünlər və müəyyən müzakirələr aparasınız?
- Təkbaşına qərar verməyim, kiməsə müraciət etməyim düzgün olmazdı. “Turan Tovuz”un yaşamasını istəyən şəxslər bir yerə yığışmalı və müəyyən qərarlar qəbul etməlidi.

Kluba rəhbərlik etdiyiniz vaxtlarda uşaq futboluna xüsusi diqqət yetirirdiniz, hətta əksər uşaqları adbaad tanıyırdınız. Bugünkü vəziyyətdən xəbəriniz varmı?
- “Turan Tovuz” Premyer Liqada oynamasa belə, bütün yaş qruplarından ibarət komandaları fəaliyyət göstərir. Klub maliyyə məsələsi istisna olmaqla, Premyer Liqada oynamaq üçün lisenziya tələblərinə cavab verir.

Əvvəllər klub rəhbərləri şəxsi vəsaitlərini xərcləyirdilər. İndi iş adamları bu sahəyə yatırım etməkdə niyə maraqlı deyillər?
- Xarici ölkələrin təcrübəsindən istifadə etməklə müəyyən sistem qurmaq lazımdı. Yəni oradakı klubların iş üsulunu, sponsorları bu sahəyə necə cəlb etdiklərini öyrənməliyik. Bundan sonra müəyyən təbliğat işləri aparmaq olar. Hazırkı məqamda bu sahədə çatışmazlıqlar var.

Adətən klubun yaranmasında, yaşamasında xüsusi xidmətləri olan insanlarla bağlı stadionda müəyyən bir guşə yaradılır. Stadionu gəzərkən, özünüzlə bağlı hansısa şəkilə, bir xatırlatmaya rast gəldinizmi?
- Bazanı gəzməyə vaxtımız olmadı. Çünki oyunu izlədik, mükafatlandırmada iştirak etdik, sonra qonaqlarla müəyyən söhbətimiz, müzakirələrimiz oldu. Özümə görə demirəm, amma belə bir guşə olmalıdı. O vaxt biz veteranları, eləcə də, tanınmış idmançılarımızı tez-tez stadionumuza dəvət edir, futbolçularla görüşlərini təşkil edirdik. Azərbaycan futbolunun canlı əfsanələrindən olan və Tovuz futboluna xidmətlərinə görə rayonumuzda çox sevilən Kazbek Tuayevin məsləhəti ilə Anatoli Banişevski, Ələkbər Məmmədov, Nikolay Boqdanov, Rüstəm Rəhimov və digər tanınmış futbol veteranları qonağımız olurdu. Onların gəlişi stadionda elan edilirdi, futbolda ilk addımlarını atan gənclərimizin həmin şəxsləri əyani görməsinə şərait yaradırdıq. Gənclər onların məsləhətlərini dinləyirdilər. Rayonumuzun tanınmış ziyalılarından olmuş Eldar Qasımovun məsləhəti ilə Tbilisi “Dinamo”sunun veteranlarını da Tovuza dəvət etmişdik. Qeyd etdiyim kimi, qonaqlarımız təkcə futbol sahəsində çalışan tanınmışlar olmurdu. 1992-ci ildə olimpiya çempionu olmuş idman gimnastımız Valeri Belenki, eləcə də, sonradan bu mükafatı qazanmış Zemfira Meftahətdinovanı çağırmışdıq, hətta oyunun fasiləsində onlara müxtəlif hədiyyələr təqdim etmişdik. Bununla həm onların xidmətlərini unutmadığımızın mesajını verir, həm də gənclərimizin və azarkeşlərimizin bu cür idmançıları tanımasına nail olurduq. Mükafatlandırma mərasimində iştirak edən, eləcə də, “Qaradağ Lökbatan”la oyunu izləyən İsgəndər Cavadov, Vaqif Sadıqov futbolumuzda sözünü demiş insanlardı. Təəssüflər olsun ki, onların gəlişini stadionda elan etmədilər. Bu cür veteran futbolçuları təbliğ etməli, gənclərə tanıtmalı, təcrübələrindən faydalanmalıyıq (apasport.az).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti