"Yeni stadion tikməli olmadıq. Olimpiya Kompleksinin rəhbərliyi ilə artıq danışmışıq. Buranın stadionunu bizə uzunmüddətli icarəyə verirlər. Biz də arenanın görkəmini büsbütün dəyişirik. Artıq müəyyən işlər görmüşük. Ən qısa vaxtda əsas işlər başlanacaq" - "Şəmkir"in prezidenti Elvin Səfərli Sportinfo.az-a klubun yeni planları barədə məlumat verib.
Gələn mövsümə Premyer Liqada başlamaq istədiklərini bildirən müsahibin sözlərinə görə, AFFA-nın lisenziyalaşdırma proqramının 5 meyarından biri olan infrastrukturla bağlı lazım olan işlər öz qaydasında gedir: "Mən hər eşitdiyim sözə inanan deyiləm. Gərək onu öz gözümlə görüm. Qış fasiləsində komandamızı Antalya toplanışına aparan şirkətin ordakı meydançalarını bizə çox tərifləmişdilər. Antalyaya getdim və baxdım.
Həqiqətən də o meydançalara, infrastruktura söz ola bilməz, əladı. İndi həmin şirkət bu işləri Şəmkirdə görür və görəcək. Ən keyfiyyətli təbii ot örtüyü salacağıq. Maksimum 3 aya stadionun görkəmi dəyişəcək, gələnlər buranı tanımayacaq. Tribunalarını sayını artırıb, tutumunu 5000 nəfərlik edəcəyik. İngiltərədəki kimi kompakt stadion düzəldəcəyik.
Yardımçı meydançalar da olacaq. Başqa bir yerdə sıfırdan stadion tikmək çox baha başa gəlir. Biz bütün bunları 4-5 dost edirik. Elə vaxtdı ki, gərək pulu düzgün xərcləyəsən, qənaət edəsən. Onsuz da, "Şəmkir"ə gələndən xeyli pulumuz çıxıb. Bizə nə lap böyük stadion lazımdı, nə kiçik, 5000 bəsdi.
Şəmkirlilərə söz verirəm ki, Premyer Liqanın ən möhtəşəm stadionlarından biri onlarınkı olacaq. Qonaq komandaların ağzı açıla qalacaq. Gəlib bircə paltardəyişmə otaqlarımızı görsələr, biləcəklər ki, bura Şəmkirdi, burdan çıxış yoxdu. Dediklərimin məsuliyyətini başa düşürəm və tam ciddiyyətimlə söyləyirəm ki, "Şəmkir" Premyer Liqaya yaraşıq verəcək".

