"Özüm istəməsəm, heç kim məni "Səbail"dən uzaqlaşdıra bilməz"

29 Aprel 2017 14:48 I Divizion 922
"Özüm istəməsəm, heç kim məni "Səbail"dən uzaqlaşdıra bilməz"

"Mən futbola biznesdən gəlmişəm. Ailə şirkətimiz var və son 3 ilədək yalnız bu işlərlə məşğul olmuşam. "Səbail" yaranan gündən burdayam. Bu mövsüm birinci divizionda uğurlu çıxış etdik, ikinci yeri tutduq. Ancaq deməliyəm ki, bu sahədə çalışmaq çətindi. Vaxtımın yalnız 10 faizini biznesə ayıra bildim. Qalan 90 faizi futbola getdi".

"Səbail"in icraçı direktoru Yusif Həsənov Sportinfo.az-a açıqlamasında belə deyib. Premyer Liqaya vəsiqə qazanan klubun rəsmisi istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "Yaxın günlərdə "Səbail"in gələcək planlarına həsr olunan mətbuat konfransı keçiriləcək. Bütün sualların cavabı orda veriləcək.

Özüm istəməsəm, özüm getməsəm, heç kim məni "Səbail"dən uzaqlaşdıra bilməz. Açığı, belə çox yoruluram. Bütün günü komandayla birgə olmaq, səfərlər və oyunların nəticəsi vaxtımı çox alır. Biznesimə kifayət qədər vaxt ayıra bilmirəm. Yaxınlarda bir təklifi almışam. Futbol sahəsindən deyil, fərqli iş proyektidi. İndi bu barədə fikirləşirəm. Klubdan getsəm, ancaq buna görə gedəcəm. Hələlik heç nə bilinmir.

Nəzərə alaq ki, "Səbail" gələn mövsüm, böyük ehtimalla, Premyer Liqada çıxış edəcək. Klub olaraq Premyer Liqaya hazırıq. Bütün sənədlərimiz qaydasındadı. Fikrimcə, orda oynamaq problem olmayacaq. Premyer Liqa diviziondan daha güclü və gərgin keçir, məsuliyyəti lap çoxdu. Bura gərək həmişəkindən daha artıq vaxt ayırasan. Mənim də əsas problemim budu".

Bəzən uğur qazanmaq da adama kömək olmur. Davranışın, hərəkətlərin, yersiz danışığın üzündən elə bir zərbə alırsan ki, sonra bu barədə düşünməyə kifayət qədər vaxtın qalır. Yaxın günlərdə "Səbail"də də belə bir hadisə baş verəcək. Əldə etdiyimiz məlumata görə, tezliklə klubun Müşahidə Şurasının iclası baş tutacaq və orada önəmli dəyişikliklər baş verəcək. Komandanın baş məşqçi Elman Sultanovla vidalaşacağı çoxdan bəllidi. Amma o, postunu itirəcək yeganə şəxs olmayacaq.

Paytaxt klubu təsis olunarkən şuranın sədri olan, daha sonra Rəşad Abdullayevin bu posta gəlməsi ilə icraçı direktor vəzifəsinə göndərilən Yusif Həsənov indi bu işini də itirəcək. Komandanın I divizionda ən yüksək büdcəyə malik olmasına baxmayaraq, 250 min manatla dolanan "Turan Tovuz"dan geri qalaraq, mövsümü 2-ci pillədə tamamlaması klub başbilənlərinin xoşuna gəlməyib.

Bundan başqa, Yusif bəyin müsahibələrində "yuxarı"lara qarşı "diqqətsiz davranması", klub daxilində yersiz hərəkətləri, oyunlar zamanı təşkil olunan viski məclisləri barədə klub himayədarlarına xəbərlər çatıb. Bu isə onun yola salınmasını qaçılmaz edib.

Bu, Yusif bəylə bağlı ilk belə xoşagəlməz hadisə deyil. Millimizin Çexiyayla səfər oyunundan sonra müsahibə verən AFFA rəhbərliyi ilə bağlı məlum qalmaqalı da xatırlamalısız. O zaman gözlənilmədən kamera qarşısına çıxan Həsənov AFFA-nın baş katibi Elxan Məmmədovun müdaxiləsindən sonra "kadrdan çəkilmişdi". Bu kimi yersiz davranışlar həddindən artıq çox olduğundan Həsənov haqda qərar verilib. O, tezliklə postunu itirəcək və əvəzinə əsl futbol adamı gətiriləcək.

"Səbail"in Premyer Liqaya vəsiqə qazanması rəsmiləşsə, klubun Müşahidə Şurasının sədri də dəyişəcək. AFFA prezidenti Rövnəq Abdullayev komanda elitaya vəsiqə qazanan kimi oğlu Rəşad bəyin istefa verəcəyini vəd etmişdi (futbolinfo.az).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti