"Qaradağ"ı "yıxan" hakim üzr istədi: "Böyük səhv eləmişəm, məni bağışlasınlar"

28 Aprel 2017 20:36 I Divizion 1 743
"Qaradağ"ı "yıxan" hakim üzr istədi: "Böyük səhv eləmişəm, məni bağışlasınlar"

"İki il idi hakimlik eləmirdim. Sizin də bildiyiniz hadisədən sonra kənarda qalmışdım. Beş-altı tur olar ki, geri qayıtmışam. Son turadək hər şey gözəl gedirdi. İstəməzdim ki, belə bir hadisənin səbəbkarı olum" - bu sözləri Sportinfo.az-a açıqlamasında milli dərəcəli yan xətt hakimi Elşən Acalov deyib.

Laynsman etiraf edib ki, "Turan-Tovuz" - "Qaradağ Lökbatan" matçında qoqaqların məğlubiyyətinə səbəbkar özü olub: "Dayandığım nöqtədən dinamika elə göründü və mənə elə gəldi ki, rəqibin cərimə meydançasına daxil olan "Turan"ın futbolçusuna qarşı kobudluq edilib. Çünki o, içəri şığıyan kimi yerə yıxıldı. Stadiondan çıxanadək əmin idim ki, düzgün qayda pozuntusu qeydə almışam.

Gəldim evə, sonra işdə də diski qoyub baxdım və gördüm ki, nə boyda səhv etmişəm. Buna görə başda prezident Tahir Mustafayev olmaqla, "Qaradağ"ın bütün rəhbərliyindən, məşqçilərindən, futbolçularından, işçilərindən bir-bir üzr istəyirəm. Böyük səhvə yol vermişəm, məni bağışlasınlar. Qəsdən etməmişəm. Əmin olsunlar ki, fikrimdə qərəz olmayıb.

Mənim səhvimə görə "Qaradağ Lökbatan" divizionda bürünc medal qazana bilmədi. Onların il ərzində çəkdiyi əziyyəti bu qərarımla yerə vurdum. İnanırsız, özümü bağışlaya bilmirəm. Oyunun nəticəsinə təsir göstərən ən böyük səhv mənim səhvimdi. "Qaradağ"da 40-50 adam işləyir. Onların hərəsinin 3 nəfərə baxdığını hesablasaq, mən 120-150 adamın çörəyinə bais olmuşam.

Əgər mənim bu kobud səhvim ucbatından "Qaradağ Lökbatan" rəhbərliyi klubu bağlasa, ən böyük peşmançılığı keçirən mən olacam. Bir daha deyirəm: hamıdan üzr istəyirəm, məni bağışlasınlar. Bir səhvdi, eləmişəm. Ümid edirəm ki, "Qaradağ" yaşayar və gələn mövsüm divizionda nəticə qazanıb Premyer Liqaya çıxar, biz də sevinərik".

Tovuzdakı matçın baş hakimi olmuş Ramil Diniyev isə həmin qərarı köməkçisinin təkidi ilə verdiyini bildirib: "Mən o epizod barədə bu dəqiqə çox danışmaq istəmirəm. Qısaca deyim ki. penalti epizodunda qayda pozuntusu olduğunu Elşən Acalov mənə dedi. Özü də səhvini etiraf edib".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti