"Bilirəm, bu oyun və vurduğum penalti çox böyük söz-söhbətə səbəb olub. İndi hamı bundan danışır. Gərək məni üzrlü hesab edəsiz, klubumuzun rəhbərliyi bu haqda danışmağa icazə vermir" - "Turan Tovuz"un hücumçusu Rəhman Musayev Sportinfo.az-a açıqlamasında belə deyib.
Vurduğu 25 qolla qərb klubunu I Divizion çempionu edən sabiq "Qəbələ"li bildirib ki, "Qaradağ Lökbatan"la görüşün 65-ci dəqiqəsində yerinə yetirdiyi penaltinin doğru olub-olmadığını söyləməyə çətinlik çəkir: "Rəqibə çempionatda bürünc medalı qazanmaq üçün 1 xal lazım idisə, biz yenə qələbəyə oynayırdıq. Çünki dünən Tovuzda əsl futbol bayramı idi.
Stadiona 5-6 mindən çox azarkeş gəlmişdi. Rayon rəhbərliyi və deputatımız Qənirə Paşayeva da stadionda idi. Bu cür diqqət mərkəzində olan oyunda mən o penaltini kənara vura bilməzdim. Hamı deyir, amma açığı, mən orda penaltinin olub-olmadığını deyə bilmərəm. Çünki görməmişəm. Hakim veribsə, vurmalıyam. Başqa yolum yoxdu. Stadiona gələnlərin hamısı futbol adamı deyil axı…
Onlar deyə bilərdilər ki, Rəhman niyə topu qəsdən kənara vurdu? Futbolun bu tərəfini başa düşən də var, düşməyən də. Avropa və dünya çempionatlarına baxırıq, mübahisəli hakim qərarları orda da olur. Ancaq penalti nöqtəsinə yaxınlaşan futbolçu istənilən halda topu qapıdan keçirməyə çalışır. Mən əvvəl "Qaradağ Lökbatan"da oynamışam, ilk çempionluğumu həmin klubda qazanmışam. "Qaradağ" da, "Turan" da mənə əzizdi. Yəqin ki, məni düzgün başa düşərsiz, başqa heç nə deyə bilməyəcəm. Rəhbərlik nə vaxt icvzə verər, onda da danışaram".

