"Xeyr, "Zaqatala"nın fəaliyyətini dayandırması müzakirə mövzusu deyil"

26 Aprel 2017 17:12 I Divizion 1 006
"Xeyr, "Zaqatala"nın fəaliyyətini dayandırması müzakirə mövzusu deyil"

I Divizionda mövsümə sabah yekun vurulacaq. Çempion öncədən məlumdu – "Turan Tovuz". Gümüş və bürünc medallara 4 komanda iddialıdı. 46 xala malik "Zaqatala" meydana çıxmayacaq. AFFA-nın çempionatdan kənarlaşdırdığı "Şərurspor"a görə texniki qələbə qazanacaqlar. Ağsu səfərindən sonra Şaban Şirdanovla vidalaşan komanda ən yaxşı halda 5-ci pilləyə yüksələ bilər. İşdi, "Şəmkir" evdə "Ağsu"ya qalib gəlməsə.

Redaksiyamızla əlaqə yaradan zaqatalalı azarkeşlər baş məşqçinin istefaya göndərilməsini təqdir edib. Onların fikrincə, Şirdanovun nizam-intizam yarada bilməməsi və futbolçularla daim problem yaşaması komandanın mükafatçılar sırasına düşməsinə əngəl yaradıb. Klub rəhbərliyinin fəaliyyətini dəstəklədiklərini bildirən fanatlar daha güclü "Zaqatala" görmək istədiklərini söyləyiblər. Həmçinin əksər oyunçuların düşərgədən getməli olduğunu vurğulayıblar.

Əyalət təmsilçisinin prezidenti Musa Qurbanov isə Sportinfo.az-a deyib ki, kollektivin nə vaxt yığışacağı qeyri-müəyyəndi: "Ağsudan qayıdandan sonra hamını istirahətə buraxmışıq. Kimləri göndərib, kimləri saxlayacağımızı hələ bilmirik. AFFA-nın yeni mövsümlə bağlı planlarını biləndən sonra addım atacağıq.

Düzdü, mənim də çıxışından narazı qaldığım futbolçular var, ancaq ilk növbədə onu bilməliyik ki, AFFA bizdən nə tələb edir, qarşımıza nə cür komanda yaratmaq vəzifəsi qoyur. Azarkeş həmişə haqlıdı. Onu yalnız nəticə maraqlandırır. AFFA-dan maliyyələşdiyimiz üçün gözləməliyik. Xeyr, klubun fəaliyyətini dayandırması müzakirə mövzusu deyil. Büdcəyə görə işimizi quracağıq. Bunu bilməyimiz, yəqin ki, 1 ay çəkər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti