"Klubumuza yeni sponsor gəlməyib. Hələ də axtarırıq. Ümumi vəziyyət elədi ki, hamının çətinliyi var. Biz də bunu başa düşürük. Amma ümidvarıq ki, səylərimiz nəticə verəcək" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Zaqatala"nın prezidenti Musa Qurbanov deyib.
Futbolsevərlərin növbəti mövsüm Premyer Liqada çıxış etməsini istədiyi I Divizion klubunun rəhbəri bildirib ki, bu məsələ AFFA-nın diqqət mərkəzindədi: "Onların da marağındadı ki, "Zaqatala"nın sponsoru olsun. Bildiyimə görə, AFFA bu işlə ciddi məşğuldu. Ona görə də AFFA-nı narahat etmək istəmirəm. Baxmayın, federasiya üçün də çətindi.
Sponsor gəlsə, AFFA-nın yükü azalar. İki ildi əllərindən gələni edirlər. Biz özümüz də gücümüz çatan qədər kluba maddi dəstək olmuşuq. Ordan-burdan tapmışıq, dost-tanış kömək eləyib. Premyer Liqada məsrəf böyükdü, orda sponsorsuz oynamaq oluqca çətindi. İstər-istəməz xərc çox çıxır. "Zaqatala" əyalət klubudu və hər səfəri, hər toplanışı filan qədər məbləğə başa gəlir.
İstəyiriksə ki, normal komanda formalaşdırmaq, bütün bu məqamların hamısını nəzərə almalıyıq. Zaqatalaya futborlçu gətirmək asan deyil. AFFA-nın ayırdığı aylıq vəsaitin əsas hissəsi səfər, stadion və qidalanmaya gedir. Dəvət göndərdiyimiz futbolçu deyə bilər ki, mən yerdə qalan epula oynamaq istəmirəm. Bunun üçün sponsorun köməyi çox vacibdi".

