"Premyer Liqaya buraxılmağımız üçün AFFA-ya müraciət etməyəcəyik. Bunu bir keçmiş futbolçu və klub rəhbəri kimi düzgün saymıram. Bu xahiş etik cəhətdən doğru olmazdı" - "Zaqatala"nın prezidenti Musa Qurbanov Sportinfo.az-a belə deyib.
I Divizionda mübarizə aparan bölgə təmsilçisinin birinci şəxsi bildirib ki, federasiya rəhbərliyinin qərarını gözləyir: "Premyer Liqaya vəsiqə verən yerlərdən birini tutmaq istəyirdik, olmadı. AFFA-nın lisenziyalaşdırma ilə bağlı bütün tələblərini isə yerinə yetirmişik. Sənədlərimizin hamısı qaydasındadı.
Əgər turnir cədvəlində bizdən irəlidə olan klublardan hansı biri Premyer Liqada çıxışdan imtina etsə, lisenziya ala bilməsə, onu əvəzləməyə hazırıq. Heç kimin haqqına girmək istəmirik. Bu prosesi diqqətlə izləyirik. Zaqatala futbol rayounudu. Futbolu burda inkişaf etdirmək üçün hər cür şərait mövcuddu. Stadion, baza, azarkeş…
Çempionatda bölgə klublarının sayı nə qədər çox olsa, maraq və rəqabət bir o qədər atar. Sadəcə, indi hər şey bizdən asılı deyil. İlk iki yerdən birini tutsaydıq, AFFA-ya müraciət edərdik. Gərək gözləyək ki, AFFA nə qərar verəcək. Yəqin ki, yaxın 1 ayda lisenziyalaşdırma ilə bağlı işlərin yekun nəticəsi açıqlanacaq".

