I Divizionda debüt mövsümünü gümüş medalla tamamlamağa çox yaxın olan "Səbail" Premyer Liqanın biraddımlığındadı. Bayılda məskunlaşan komandanın elita yüksəlmək şansları başqalarıyla müqayisədə çoxdu. Klub birbaşa SOCAR-dan maliyyələşir, struktur qurulub, rəhbər postunda da AFFA prezidentinin oğludu.
Martın 15-də AFFA-nın Hesabat Konfransında həmkarlarımız məsələ ilə bağlı Rövnəq Abdullayevə sual ünvanlamışdı. Ki, "Səbail"in Müşahidə Şurasının rəhbəri oğlunuz Rəşad Abdullayevdi, komanda elitaya yüksəlsə, söz-söhbətlər çoxalacaq. Rövnəq bəyin cavabı özünəməxsus olmuşdu:
"Gəlin, bu məsələyə birdəfəlik son qoyaq. O da futbolu sevəndi. Rəşadı qəsdən futbola qoşdum ki, sevdiyi işlə məşğul olsun. Dedim ki, ictimai işdi. O da bunu sevinclə qarşıladı. Amma bir şeyi bilin, "Səbail" premyer-liqaya yüksələn kimi oğlum istefa verəcək. Mən burda ola-ola, o klub prezidenti ola bilməz".
Sportinfo.az hələ martın 1-də xəbər vermşdi ki, AFFA başqanı oğlunu "Səbail"in birinci şəxsi postundan uzaqlaşdıracaq. Ondan 4 ay öncə isə yazmışdıq ki, Rəşad Abdullayev səlahiyyətlərini Tamerlan Abdullayevə ötürüb. Sonuncu Rövnəq bəyin mərhum qardaşı Abbas Abdullayevin oğludu.
O, vaxtilə "Neftçi"nin aşağı yaş qruplarından ibarət komandalarında futbolla məşğul olub. Hazırda ARDNŞ-də Maliyyə Departamentində çalışdığı deyilir. "Xətai"də yerləşən və bir çox idmançıların üz tutduğu "Samovar" restoranının sahibi kimi tanınır. Həmçinin paytaxtın bir çox yerində bu və digər səpgili ticarət obyektləri var.
Artıq demək olmaz ki, "Səbail" Elxan Məmmədovun kurasiyasındadı. Düzdü, hələ əlini tam çəkməyib üstündən və icraçı direktor Yusif Həsənov AFFA-nın baş katibinin kadrıdı. Ancaq nəzarət tədricən Ramin Musayevə - Peşəkar Futbol Liqasının (PFL) prezidentinə keçməkdədi. Axı PFL şefi Tamerlan bəyin atasıyla uzun müddət yaxın dost olub, üstəlik, ailələr arasında qohumluq münasibətləri yaranıb.
Musayev "Səbail"lə bağlı bütün məsələlərdə öz məsləhətlərini dostunun oğlundan əsirgəmir. Fikirləri üst-üstə düşür. PFL prezidenti də, T.Abdullayev də Elman Sultanovun tutduğu posta başqa birisini soraq edir. "Səbail" sezonu ikinci pillədə başa vursa da, vurmasa da, komanda yeni mövsümə başqa mütəxəssisin rəhbərliyi altında hazırlaşacaq. Konkretləşdirsək, Samir Əliyevin.
Sportinfo.az onun "Neftçi"nin əvəzedici heyətindən "Səbail"ə gətiriləcəyini aprelin 1-də tirajlayıb. "Rövnəq Abdullayev "Neftçi"nin baş məşqçisini I Divizion klubuna təklif etdi" başlığı ilə (http:/sportinfo.az/news/6769). Yaxınlarda Ukraynada "Pro" kateqoriyasına yiyələnən gənc mütəxəssisin qarşısına qoyulan hədəf elitada debüt ilini ilk "altılıq"da bitirməkdi.

