COP29

Regionda bu qarşılaşmanı izləyənlər gördü ki… VİDEO

2 May 11:40 I Divizion 966
Regionda bu qarşılaşmanı izləyənlər gördü ki… VİDEO

Azərbaycan I Liqasında XXIV tura start verilib.

"Difai" Şamaxıda "Mingəçevir"i qəbul edib.

Elgiz Kərəmlinin çalışdırdığı komanda çempionatda qalmaq uğrunda mübarizə aparır və indi hər xal on(lar)dan ötrü qızıl dəyərindədir.

Qış fasiləsində güclü islahat aparmış və uğursuzluq zolağından çıxmağı bacarmış «fədailər»ın ilk 2 dövrədəki matçlarda «Mingəçevir»ə qalib gələ bilmədiyini də xatırladaq. Ağsuda 0:1 hesabıyla uduzan kollektiv daha sonra səfərdən 1:1-lə dönmüşdü.

Bu dəfə hər şey tam fərqli oldu. Qarşılaşma əvvəldən axıra kimi nominal ev sahiblərinin üstünlüyü şəraitində keçdi. Hakimin start fitindən etibarən irəli atılan «Difai» qonaqlara göz açdırmayıb.

Kristian Kamta artıq 16-cı dəqiqədə qol pərdəsini aralayıb. Kamerunlu hücumçu uzun ötürməyə düzgün açılaraq, bir zərbəylə toru silkələyib.

«Araz Naxçıvan»dan icarəyə götürülmüş Bayraməli Qurbanov 29-cu dəqiqədə penaltini qaçırıb. Yarımmüdafiəçi Tahir Zeynalova qarşı kobudluğa görə təyin edilmiş cərimə zərbəsini boşa verib, növbəti epizodda isə yaxın məsafədən «çərçivə»yə düşə bilməyib.

«Fədailər» təzyiqi azaltmayıb, 45-ci dəqiqədə istəyinə çatıb. Yenə Kamta fərqlənib, bu dəfə başla.

«Mingəçevir» fasiləyə kimi yalnız bir kərə «Difai»nin qapıçısını narahat edib. Sağ cinahdan yerinə yetirilən cərimə zərbəsindən sonra top hədəfdən azacıq yan keçib.

Qarabağ qazilərinin təmsilçisi son həftələrdə bir qədər fərqli taktika tətbiq edir.

Əgər öncəki turlarda mərkəzi boşaldıb rəqibi meydanın özlərinə aid hissəsində qarşılayırdılarsa, Elgiz Kərəmli artıq yeni sxemi nəzərdən keçirməkdədir.

Və bu, «Difai»nin ifasında uğurlu alınmaqda, rəqibə şok yaşatmaqdadır.

Üçüncü zonada pressinq yenilikdir. Üstəlik, rəqib müdafiəçilərinə yaxın oynamaq - bu, «fədailər»i daha güclü və maraqlı göstərir.

«Mingəçevir» ikinci hissədə də aciz göründü. «Difai» son bölümdə o qədər qol epizodu yaxaladı ki…

Sayı bilinmədi, itdi. Matç 4:1 qurtardı.

Yeri gəlmişkən, Şamaxıda maraqlı hadisə yaşandı. Belə ki, «işıqlar şəhəri»nin təmsilçisi 82-ci dəqiqədə gözlənilmədən hesab arasındakı fərqi azaldıb. Autdan ötürülən topa sürüşmə fəndi ilə yetişən Nihad Xəlilli toru silkələyib.

Halbuki bu epizodda «fədailər»in bütün futbolçuları dayanaraq, rəqibin onların qapıçısı Əlirza Müştəbəzadəyə tərəf ötürməsini gözləyirdi.

Səbəbsiz yerə deyil: ondan qabaq «Mingəçevir»in futbolçusu zədə aldığından, Müştəbəzadə ona həkimlərin yardım göstərməsi üçün «yuvarlaq meşin»i meydandan çıxarmışdı.

Qarabağ qazilərinin komandası rəqibin «feyr-pley»ə əməl edəcəyinə əmin olduğundan, belə bir olayın yaşanması hamını şoka saldı. Meydandakılar ani hadisədən çaşqınlıq keçirsə də, tribunadan gələn çağırış birmənalı qarşılanıb.

«Mingəçevir» rəhbərliyi vəziyyəti düzgün qiymətləndirərək, futbolçulara səslənib: «Bu, doğru olmadı, imkan verin, onlar qol vursun».

Baş məşqçi Ədahim Niftəliyev rəsmilərin fikri ilə razılaşıb, bu göstərişi oyunçularına çatdırıb.

Belədə Bayraməli Qurbanov mərkəzdən top götürərək qapıya tərəf maneəsiz irəliləyib və fərqi yenidən artırıb. «Feyr-pley»in təmin olunması stadiona toplaşmış azarkeşlərin alqışı ilə qarşılanıb.

Xallarını 20-yə yüksəldən "Difai Ağsu" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 25 xalı olan "Mingəçevir" isə 7-ci yerdədir.

SPORTİNFO.AZ

Şamaxı şəhər stadionu. 100 tamaşaçı
Baş hakim: Nicat İsmayıllı
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Kərim Zeynalov
Dördüncü hakim: Səbuhi Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Emil Quluzadə, 26 (qeyri-idman hərəkəti); Kamil Hüseynov, 56 (qeyri-idman hərəkəti); Tahir Zeynalov, 65 (qeyri-idman hərəkəti) // Əsgər Hüseynov, 73 (qeyri-idman hərəkəti); Elnur Mirzəyev, 90+5 (qeyri-idman hərəkəti)
Qollar: Kristian Kamta, 16; 45; 90+6; Bayraməli Qurbanov, 83 // Nihad Xəlilli, 82
Qolla nəticələnməyən penalti: Bayraməli Qurbanov, 29
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 5 dəq.

“Difai Ağsu”

12. Əlirza Müştəbazadə
3. Kamil Hüseynov (k)
99. Məqsum Qənbərli
6. Əzəmət Ələkbərli
28. Rəhman Quliyev
(14. Samir Əliyev, 77)
10. Tahir Zeynalov
2. Seymur Rəhimov
16. Emil Quluzadə
(19. Rəsul İbrahimov, 82)
9. Bayraməli Qurbanov
(13. Nazim Bağırov, 88)
21. Benjamin Ebuka
32. Kristian Kamta

Ehtiyat oyunçular:

22. Maksimilian Şilder
17. Tural Lətifov
4. Fariz Nəcəfov
71. Coşqun Əsədzadə
50. Qurban Hüseynov
11. Valeh Qəhrəmanlı
Baş məşqçi: Elgiz Kərəmli

“Mingəçevir”

22. Elçin Qasımov (k)
(31. Eldar Tərlanov, 67)
95. Elvin Əlizadə
(60. Elmin Bayramov, 34)
77. Əsgər Hüseynov
11. Əsədulla Heydərov
81. Xəyal Muradov
33. Hüseyn Əliyev
18. Elvin Əliyev
7. Aqil Nəsibov
(10. Nihad Xəlilli, 74)
23. Taleh Fərmanov
(20. Elçin Abdullayev, 74)
15. Elnur Mirzəyev
8. Fuad Əhmədov
(32. Elvin Əsgərov, 46)

Ehtiyat oyunçular:

9. Vidadi Cəfərov
14. Nicat Məmmədli

Məşqçi: Ədəhim Niftəliyev

Digər Xəbərlər
Xəbər Lenti