«Mən hələ xeyli müddət əvvəl AFFA-ya müraciət etmişdim ki, 3-4 futbolçudan şübhələnirəm».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan-Tovuz»un Müşahidə Şurasının sədri Oqtay Abdullayev deyib.
I Divizion təmsilçisinin rəhbəri oyun «alver»i ilə bağlı düşüncələrinin dəyişmədiyini bildirib. O, bu kimi halların dərindən araşdırılmasının gərəkdiyini, ancaq bunun şahidi olmadığını qeyd edib:
«Gələn gündən demişəm ki, danışılmış oyunların kökünə çıxmaq və ləğv etmək lazımdı. Şübhələndiyim futbolçuların adlarını yazdım, dedim, araşdırın.
Nə olacaq, heç nə! Hələ də müraciətimə cavab ala bilməmişəm. İndiyədək oturub gözləyirəm ki, görüm, nə deyəcəklər. Bu məsələdən sonra bəzi qüvvələr mənə qarşı çıxdı. Adımı mətbuatda hallanrdırdılar, elə çıxdı ki, guya, mən özüm bu işlərlə məşğulam.
Uzun illərdi futboldayam, bir nəfər gəlib deyə bilməz ki, Oqtay məndən oyun istəyib. Və ya deyib ki, oyunu mənə verə. Birinci gündən belə hallara qarşı mübarizə aparan adamam.
Deyirdilər ki, Oqtay «Turan»ın oyunlarını «qumar»a qoyur. Mən oyunları necə «qumar»a qoymuşam ki, «Turan» ötən mövsüm hamıdan az uduzdu? Oyun satan olsaydım, «Turan»ı çempion edə bilərdim?
Mən tanıyıram onlar kimdi. Futboldan uzaq adamlardı və məqsədləri mənə şər-böhtan atmaqdı, ləkələməkdi. Amma mən təmizəm, vicdanım rahatdı. Ürəyim bilir ki, heç bir pis iş tuttmamışam. «Turan»a pul qazanmağa gəlməmişəm. Tovuz futbolunun inkişafına çalışmışam, cibimdən pul da xərcləmişəm.
AFFA klubu neçə dəfə yoxlayıb. Bütün sənədləri araşdırıblar, görüblər ki, ayrılan vəsait qəpiyinədək futbola gedib. Özləri də bilib ki, mən də «Turan»a pul qoymuşam. Əşşi, bu söz-söhbətlərdən artıq yorulmuşam!».

