Azərbaycan Beynəlxalq Bankının (ABB) balansında olan Zaqatala Olimpiya Kompleksinin stadionu Gənclər və İdman Nazirliyinin balansına verilib.
I Divizionda mübarizə aparan rayonun eynidalı klubu arenanı uzunmüddətli icarəyə götürmək istəsə də, hələlik fikrindən daşınıb.
Bu barədə Sportinfo.az-a əyalət təmsilçisinin prezidenti Musa Qurbanov məlumat verib:
«Biz stadiona görə aylıq 5000 manat ödəyirik. İmkan olsaydı, daha çox verərdik, hazırda gücümüz ancaq buna çatır.
Nazirlik «Zaqatala»ya burda hər cür şərait yaradıb, istədiyimiz vaxt məşq edə, oyun keçirə bilirik. Gəlib söz deyən yoxdu. Mən buna görə onlara öz minnətdarlığımı bildirirəm.
Elə münasibət göstərirlər ki, buranı özümüzkü hiss edirik. Əvvəl fikrimiz varıydı ki, stadionu uzunmüddətli icarəyə götürük. Hələlik imkanlarımız məhduddu, ona görə də nazirliyə heç nə demədik.
Nə vaxt maliyyə vəziyyətimiz düzəlsə, müraciət edərik. «Zaqatala» bir komandadan ibarət deyil, aşağı yaş qruplarımız da fəaliyyət göstərir. Çalışırıq uşaq futboluna daha çox fikir verək».

