«Komanda futbol oynamasaydı, bu, məni daha çox narahat edərdi».
Sportinfo.az xəbər verir ki, bu sözlər «Qaradağ Lökbatan»ın baş məşqçisi Həbib Ağayevə məxsusdu.
I Divizionun lideri yeni ildən sonra dərin böhoan keçirir. Komanda çıxdığı 8 matçın cəmi 2-sində qalib gəlib. Ardıcıl 4 məğlubiyyət alan «qırmızılar» son iki turda heç-heçəyə imza atıb.
Gənc mütəxəssisin fikrincə, bu, psixoloji basqı ilə əlaqədar deyil: «İstərdik ki, qələbə qazanaq, amma bu futboldu. Nəticədən razı olmasam da, sərgilənən futboldan razıyam.
Elə bir matç olmur ki, üstün oynamayaq. «Bin»dən əvvəlki matçda da son dəqiqələrdə fərqləndik. Biz əziyyətlə qol vursaq da, çox rahat qol buraxırıq. Özümüz qol buraxmırıq, qolu hədiyyə edirik.
Əsas olan komandanın 90 dəqiqə öz oyun üslubunu saxlamasıdı. Bu, məni qane edir. İnanıram ki, qarşıda hər şey qaydasına düşəcək. Çünki yaxşı oynayırıq.
Üstün oynamasaq, onda psixoloji amillə razılaşardım. Sadəcə, bəxtimiz gətirmir. Belə oynamağa davam edəcəyik. Futbol elə bir oyundu ki, proqnoz vermək çətindi".

