“Xankəndi”nin baş məşqçisi Röyal Nəcəfov I Liqanın 8-ci turunda “Karvan-Yevlax”a məğlub olduqları matçı (0:2) şərh edib.
Sportinfo.az xəbər verir ki, mütəxəssis komandasının çıxışını bu cür dəyərləndirib:
“Güclü rəqibə qarşı oynadıq. Fərdi səhvə yol verənə qədər hər şey planımıza uyğun gedirdi. Məğlubiyyətə görə futbolçuları günahlandırmaq istəmirəm.
Göstərdikləri oyuna görə komandama təşəkkür edirəm. Maraqlı və yaxşı qarşılaşma oldu.
Komandamız uğursuz təlim-məşq toplanışı keçirdiyi üçün 60-70-ci dəqiqələrdən sonra fiziki cəhətdən yoruluruq. Bu çatışmazlığı aradan qaldırmaq üçün zamana ehtiyacımız var.
Ehtiyat oyunçular skamyamız da limitlidir, buna görə istədiyimiz rotasiyanı edə bilmirik. Xüsusilə qarşıdakı qış fasiləsində heyəti gücləndirməliyik.
Klub rəhbərliyi ilə görüşdə bu mövsümün bizim üçün keçid dövrü olmasına qərar verdik.
Məqsədimiz 1-ci liqada yerimizi qorumaq və mümkün qədər ilk beşlikdə yer almaqdır. Gələn mövsüm isə çempionluq uğrunda mübarizə aparacağıq”.
