Veteran hücumçu Samir Ələkbərov Xankəndidə futbol bayramının yaşanmasından məmnunluğunu ifadə edib.
Sportinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqası tərəfindən Xankəndiyə dəvət olunan sabiq futbolçu “Xankəndi” - “Karvan-Yevlax” matçı öncəsi təəssüratlarını bölüşüb:
“Xankəndidə futbol bayramı yaşanır. Bu münasibətlə Azərbaycan xalqını və futbol azarkeşlərini təbrik edirəm.
Düz 40 il bundan əvvəl, elə bu ayda, Xankəndinin “Qarabağ” klubunda sonuncu oyunumu keçirmişəm.
Həmin illərdə Azərbaycan komandaları ilə də qarşılaşırdıq. Gəncənin “Kəpəz”, Mingəçevirin “Avtomobilçi” və Naxçıvanın “Araz-Naxçıvan” komandaları ilə üz-üzə gəlmişik.
Sevindirici haldır ki, 40 ildən sonra iki Azərbaycan komandası yenidən Xankəndidə üz-üzə gəlir. Hər iki komandaya uğurlar arzulayıram.
Stadion tamamilə dəyişib. Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. O vaxt mənim 18 yaşım var idi. Həmin anlar yenidən gözlərim önündə canlanır. Bu stadionda çox qollar vurmuşam. Onlardan biri həmişə yaddaşımda qalacaq.
“Araz-Naxçıvan” komandasına qarşı oynayırdıq. Şəhərin katibi də oyunu izləyirdi. Mənə deyirdi ki, sən qol vur, mükafatını mən verəcəyəm.
Oyunun son dəqiqələri idi. Qol vurub həmin tribunaya doğru qaçdım.
Xankəndi ilə bağlı arzularım çoxdur. Məşqçi kimi burada qalıb uşaq futbolunun inkişafına töhfə verə bilərəm.”
