İlk dəfə Premyer Liqada çıxış etmək iddiasına düşən klubdan NÖVBƏTİ MÜHÜM XƏBƏR

26 Aprel 23:00 I Divizion 3 334
İlk dəfə Premyer Liqada çıxış etmək iddiasına düşən klubdan NÖVBƏTİ MÜHÜM XƏBƏR

İlk dəfə Premyer Liqada çıxış etmək iddiasına düşən «Qaradağ Lökbatan» AFFA-nın tələbini yerinə yetirməyə hazırdır.

Məsələ belədir: federasiya hazırda aşağı liqada liderlik mövqeyinə yiyələnmiş klubun diqqətinə çatdırıb ki, növbəti mövsüm elitada yarışmaq istəyirsə, təmsilçi olduğu məkanı dəyişməlidir.

Çünki Lökbatan Olimpiya Kompleksinin stadionuna baxış keçirən ekspertlər buranın elitanın standartlarına uyğun gəlmədiyinə dair raport verib.

Rəyə əsasən, qəsəbədə yerləşən arenada çatışmazlıqlar çoxdur və onların aradan qaldırılması böyük maliyyə tələb eləyəcək, üstəlik, uzun zaman alacaq.

AFFA «Qaradağ»a bölgələrdən birinə köçməyi təklif edib. Qurum bu şərti qəbul olunarsa, liseneziya almaq şanslarının kifayət qədər artacağı barədə qarşı tərəfi məlumatlandırıb.

«Qaradağ» gedəcəyi ünvanı tapıb. Ağsuya köçə biləcəkləri haqda AFFA-nı məlumatlandırıblar.

Klub rəhbərliyi Premyer Liqa oyunlarını keçirə bilmək üçün buradakı mövcud çatışmazlıqları aradan qaldırmağa hazır olduğunu federasiyanın diqqətinə çatdırıb.

2011-ci ildə açılışı olmuş Ağsu şəhər stadionu 3 min tamaşaçı tutumuna malikdir. Ötən ilin noyabrında başlayan və bu ilin martında bitən təmir işlərindən sonra arenanın oturacaqları dəyişdirilib, tribunaların dam örütüyü yenilənib.

İşıqlandırma sistemi ilə bağlı problemlər aradan qaldırılıb, ərazidə ümumi abadlıq işləri görülüb. Stadionun ot örtüyünün yayda dəyişdirilməsi nəzərdə tutulub.

«Qaradağ» bundan öncə Premyer Liqa yolunda konkret addım atıb. 22 turdan sonra turnir cədvəlinə başçılıq edən qəsəbə təmsilçisi «Neftçi» İdman Klubunun balansından çıxıb.

Klub müstəqil fəaliyyət göstərmək üçün Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib və öz nizamnaməsini təsdiqlədib. Bu da o deməkdir ki, «Qaradağ»ın artıq SOCAR-a heç bir bağlılığı olmayacaq.

Azər Həşimovun çalışdırdığı kollektiv 48 xala malikdir. Bu göstərici ilə ən yaxın rəqibləri olan «İmişli»ni 5 xal qabaqlayırlar.

«Qaradağ Lökbatan» 15 ildən artıqdır aşağı dəstədə çıxış edir. Bu müddətdə 2 dəfə çempion adını qazanıblar, dəfələrlə müxtəlif əyarlı medallara yiyələniblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti