Deputat bu klubun başına gətirilir – SON DƏQİQƏ

22 Aprel 15:00 I Divizion 5 070
Deputat bu klubun başına gətirilir – SON DƏQİQƏ

I Liqada çıxış edən «İrəvan»dan yeni xəbər var.

Aylardan bəridir başı qalmaqallardan əskik olmayan klubun rəhbərliyində dəyişikliyin rəsmiləşməsinə hazırlıq görülür.

Əziz Ələkbərlinin prezident postuna gətirilməsi demək olar dəqiqləşib. Deputat statusu daşıyan Qərbi Azərbaycan icmasının rəhbərinin futbol sektorunda vəzifə tutmağa razılaşdığı bildirilir.

Bir müddət əvvəl barəsində saxlanılma xəbəri yayılan və Kürdəxanıda yerləşən təcridxanaya aparılan Zahid Niyazəliyev klubla bütün əlaqələrini kəsib.

O, klubun təsisçiliyindən imtina edib. Həmçinin prezident vəzifəsindən istefa verib.

Hüquq-mühafizə orqanlarının apardığı təhqiqat “İrəvan”da ciddi maliyyə pozuntularının olduğunu üzə çıxarıb.

Söhbət təqribən 30 min manatın təyinatı üzrə xərclənməməsindən gedir.

Komandanı hazırda vitse-prezident Həsən Həsənov idarə edir. Bu da müvəqqətidir. «ASK Arena»nın direktoru mayın sonunadək prezident səlahiyyətlərini yerinə yetirəcək.

AFFA-dan ona belə təlimat gəlib. Ki, nə olur olsun, «İrəvan» çempionatı yarımçıq tərk eləməsin, mövsümü başa vursun.

Çünki bu, ictimai-siyasi nöqteyi-nəzərdən ciddi məsələdir. Klubun adını daşıdığı bölgəyə görə.

«İrəvan» istənilən halda sezonu başa vuracaq. Bəs Niyazəliyevin müqəddəratı?

Bizdə olan qeyri-rəsmi informasiyaya görə, klub prezidentindən şikayətçi düşənlərin sayı kifayət qədər çoxdur və təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamlara cavab verməyə çətinlik çəkir.

Bura komandanın futbolçuları, məşqçiləri, digər əməkdaşlar və başqaları daxildir.

Niyazəliyevin əməllərindən əziyyət çəkənlərdən biri də «İrəvan»ın İdarə Heyətinin sabiq sədri Zülfüqar Kazımovdur.

Bir neçə ay öncə buradan ayrılmış Nərimanov rayonunun sabiq icra başçısı ondan hüquq-mühafizə orqanlarına şikayət edib. O, kluba ayırdığı şəxsi vəsaitinin düzgün xərclənməməsini bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti