"Komandamızın çempionata buraxılmasının səbəbini bilmirik. Hələ də şokdayıq, bu qərarın təsirindən ayılmamışıq" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Göyçə"nin kapitanı Saşa Yunisoğlu deyib.
AFFA və Peşəkar Futbol Liqasının yaratdığı birgə komissiya fəaliyyətini yenidən bərpa edən klubu I Diviziondan kənarda saxlayıb. Baxmayaraq ki, adı hər iki qurumun "qara siyahı"sında yer alan Bəhmən Həsənov baş məşqçi postundan uzaqlaşdırılıb.
Vaxtilə millinin aparıcı fiqurlarından olan və bir çox iddialı klubun formasını geyinən müdafiəçi onlara qarşı haqsızlıq edildiyini düşünür: "Göyçə"yə elə bir heyət yığılıb ki, bundan 100 il keçsə də, divizionda bu cür komanda olmayacaq.
Millinin bir neçə keçmiş futbolçusu burdadı. Çoxlu gənc və istedadlı uşaq yığmışıq. Yoxlama görüşlərində yaxşı nəticələr göstərirdik. Rəqibləri 4-5 top fərqiylə udurduq. Komandamızı görən, deyir ki, "Göyçə" divizionun ən güclüsüdü, sizdən yaxşısı yoxdu. Oynasaq, çox çətinlik çəkmədən çempion olarıq. Bəlkə də bundan ehtiyat edib, "Göyçə"ni çempionata buraxmaq istəmirlər.
Biz bura qızıl medal qazanmaq və Premyer Liqaya vəsiqə qazanmaq üçün yığışmışıq. Keçən mövsüm "Səbail"ə gümüş medal qazandırdıq, indi də istəyirik ki, çempion olaq və nəyə nadir olduğumuzu bir daha hamıya göstərək. Amma adımıza yüz cür söhbət çıxarırlar. Güya "Göyçə"yə oyun satan futbolçular yığışıb.
Bizdə bir nəfər elə uşaq yoxdu. Mənim karyeram olub, böyük klublarda oynamışam. Ramazan Abbasov, Nuqzar Kvirtiya, Əziz Quliyev və başqa futboular da həmçinin. Biz oyun satan olsaydıq, "Səbail"də nəticə verməzdik. Ruslan Cəfərov, Kamil Nurəhmədov, Taqım Novruzov, Əli Həsənli, Məhəmməd Alıyev özlərini Premyer Liqada və divizionda yaxşı tərəfdən göstərən futbolçulardı.
"Zaqatala", "Sumqayıt" və "Mil-Muğan"ın formasını geyinmiş uşaqladı hamısı. Bu üç komanda da AFFA və PFL-ə yaxındı. Onlar o işləri görsəydilər, həmin komandalarda oynayardılar? Əlbəttə, yox. "Göyçə"də adı danışılmış oyunlarda keçən 1 futbolçu görə bilməzsiz. "Rəvan"dan 2 uşaq götürmüşük, onlar da prespektivli olduqlarına görə. "Şərurspor"dan heç kim gəlməyib. Onda nəyə görə adımızı bu çirkin söhbətdə hallandırırlar?
Qorxmurlar Allahdan? Bəzi jurnalistlər "Göyçə"nin başdan-ayağa oyun satanlardan qurulduğunu iddia edir. Bunun heç bir əsası yoxdu, şər-böhtan yaxmasınlar bizə. Hər birimizin keçmişi ləyaqətli olub, təmiz çörək yemişik. İnanırsız, adımıza belə söhbətlərdə çəkilməsindən şokdayıq. Özümüzə yer tapa bilmirik, üzülürük.
Bəhmən Həsənov bu şeylərə görə getdi "Göyçə"dən. Dedi, mən belə təzyiqş altında işləyə bilmərəm. Rəhbərliyimiz də deyib ki, adı AFFA-nın "qara siyahı"sında olanladan heç kimi komandaya götürmək olmaz. Prezidentimiz Mübariz Məmmədov 2 aydı komandaya maaş ödəyir. Komandaya forma sifariş verib, toplanış keçməyə şərait yaradıb. Hardasa 50 min manat xərc çəkib.
Bildiyimə görə, divizionda iştirak etmək üçün tələb olunan bütün sənədlər hazırdı. Mübariz müəllim onlara deyir ki, "Göyçə"də bir nəfər şübhəli adam yoxdu, bizi niyə buraxmırsız? Heç bir cavab vermirlər. Bu komandanı dağıtmaq günahdı. O gün saytınızda oxuyuram ki, "Binə"nin baş məşqçisi öz futbolçularını tərifləyir. Həmin futbolçular bizim oynadığımız futbolu oynamayıb, bizim kimi karyeraları olmayıb.
"Göyçə"nin rəhbərliyi bizdən xahiş etmişdi ki, gəlin, özünüzlə yacşı futbolçular gətirin, karyeranızı bitirəndən sonra qalıb klubun idarə edilməsində iştirak edərsiz. Gördük ki, verilən bütün vədləri yerinə yetirirlər, razılaşdıq. Hələ də inanmaq istəmirik ki, "Göyçə" dağılır. Bir neçə kluba müraciət etmişik ki, burda yaxşı uşaqlar var, onları götürün. Qoy, qıraqda qalmasınlar, bir tikə çörəklərini qazansınlar".

