"Yeni klub olsaq da, qarşımıza qoyulan hədəflər böyükdü" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Binə"nin baş məşqçisi Mehman Babayev deyib.
Növbəti mövsümdən I Divizionda mübarizə aparacaq Bakıətrafı qəsəbə təmsilçisinin çalışdırıcısı iddial olduqlarını söyləyib: "Yaxşı heyət yığmışıq. Bu komanda çempionatdan kənarda qala bilməzdi.
Emin Cəfərquliyev, Bəxtiyar Soltanov, Amil Ağacanov kimi uzun illər Premyer Liqada oynamış, adını təmiz saxlayan futbolçularımız çoxdu. Biri deyə bilməz ki, onlardan kimsə danışılmış oyunlarda iştirak edib.
Bizdə 1 nəfər belə olsun, o cür futbolçu yoxdu. Hansıı birinə dair fakt olsa, o dəqiqə gönldərərəm. Məncə, oyun satan məşqçi və futbolçunun fahişədən heç bir fərqi yoxdu. "Binə" təmiz futbol istəyir. Klubumuzun güclü sponsorları var.
Bəzi sponsonlar istəyirdi ki, öz adını "Binə"yə versin. Biz onlarla razılaşmırıq. Çünki Binə böyük qəsəbədi, burda hamı komandanın divizionda çıxış etməsini gözləyir. Binədə hamı bu gün futboldan danışır, komandayla nəfəs alır. Divizionda ən çox azarkeşi olan klublardan biri bizik.
Normal büdcəmiz, sponsorlarımız, futbolçularımız var. İnşallah, gələn il Premyer Liqaya vəsiqə qazanmağı planlaşdırırıq. Bəzi adamlar istədi ki, "Binə"nin adını ləkələsin. Guya, klubumuzun arxasında Sərdar Bağırov dayanıb. Biz heç o adamı tanımırıq, bilmirik kimdi.
"Binə" oyun "alver"iylə məşğul olmaq üçün yaradılsaydı, mən 1 dəqiqə də burda qalmazdım. Yazırdılar ki, Gürcüstanda keçirdiyimiz yoxlama görüşlərinə "stavka" qoyulub. Bu boyda da yalan, haqsızlıq olmaz axı…
Batumi "Dinamo"su ilə oyun necə "stavka" qoyula bilər ki, heç həmin gün stadionda yan xətt hakimi yox idi? Üstüməzə şər atanlar bir bunu dəqiqləşdirsin də… Öyrənsinlər ki, hansı əzab-əziyyətlə Gürcüstanda təlim-məşq toplanışı keçmişik".

