Birinci divizionda cəmi 10 komanda çıxış edəcək. Onlardan 6-sı paytaxtı təmsil edir. "Şahdağ" (Qusar), "Energetik" (Mingəçevir) "Göyəzən" (Qazax) və Şəmkirin eyniadlı klubu bu ildən divizionda çıxış etməyəcək.
Bu klublar arasında sponsoru tərəfindən atılan da var, dəfələrlə oyun satdıqlarına görə UEFA tərəfindən cəzalananlar da.
Yenə də, AFFA ilə PFL yaxasını kənara çəkməsin. Neçə ildi, deyirik ki, I divizionun təşkili, təbliğatı sıfır səviyyəsindədi. Aya 300 manat alan, qarşısında heç bir stimulu olmayan futbolçu oyun satmasın, neynəsin?
Neçə illərdi Foqts, Lippert kimiləri yedizdirməyə pul tapırsız. Milli komandanın futbolçularına 1 oyuna elə mükafatlar verirsiz ki, həmin pula regionda 2 il Premyer Liqa səviyyəsində klub saxlamaq olar. Maddiyatı, stimulu olmayan futbolçular, "Binə", "Xəzər" kimi yeni yaranan klublar kimə lazımdi ki?
Olmazdımi ki, bu iki yeni klubu yaradan iş adamlarına AFFA/SOCAR tərəfdindən müəyyən kömək göstərilsin, şimal, qərb və cənub bölgələrimiz futbolsuz qalmasın? AFFA istəyəndə (maddi maraq olanda) bir günə "Qarabağ"ı BOS-da oynamağa məcbur edir.
Azərbaycanda cəmi 18 (!) peşəkar futbol klubu qalıb. Qusar, Şəmkir, Qazax, Yevlax, Lənkəran kimi şəhərlərdə futbol oynanılmır. Heç bir vicdansız bunu eləməzdi, amma siz elədiz...
Söhbət 9 milynluq bir ölkədən gedir. Bizdə Premyer Liqada azı 10, birinci divizionda isə 14-16 komanda çıxış etməlidi. Latviyanın əhalisi heç 2 milyon olmaz, amma oranın birinci divizionunda 12 komanda çıxış edir. İndiki durum, sadəcə, rəzalətdi.
Erkin İbrahimov

