Birinci Liqanın oyunlarının əksəriyyəti həvəskar səviyyədə keçirilir.
Oyundakı keyfiyyət əvvəlki illərə nisbətən sevindirici olsa da, təşkilatçılıq baxımından axsamalar özünü hər mənada göstərir.
Cümə günü canlı izlədiyim “Qaradağ Lökbatan” – “İrəvan” matçında nöqsanlar yetərincə, şərait isə arzuolunmaz vəziyyətdə idi.
Komandalar meydana daxil olanda Əsasnamənin tələbinə uyğun olaraq PFL-in himni səsləndirildi.
Lakin musiqinin səsini ən yaxşı halda aparatı işə salan şəxs və qulaqdan iti olanlar eşitdi. Himn səsləndi, amma yox dərəcəsində.
Əvəzetmələri səsləndirməli olan şəxs qeybə çəkilmişdi. Düşündük ki, bəlkə qol vurulanda səs gələr.
Di gəl, həmin anda da səsgücləndiricilərdən səs çıxmadı. Hesabı və dəqiqəni göstərən tablonun olmaması isə ayrı dərddir.
Hələ bu harasıdır? Oyundan əvvəl hakimlər və komanda üzvləri meydana ayaq basmaq üçün asfaltın üstündə düz 200 metr addımladı. Paltardəyişmə otağından yaşıl meydana qədər olan məsafə məhz bu qədərdir.
Yol uzaqlığı səbəbindən “İrəvan”ın üzvləri fasilədə paltardəyişmə otağına yollanmadı. Nazim Süleymanov yetirmələrini ehtiyat oyunçular skamyasının dam örtüyünün yaratdığı kölgəni altına toplayıb, tapışırıqlarını orada verdi.
Yalnız təcili ayaqyoluna ehtiyac duyanlar 200 metr məsafəni məcburən qət etməli olurdu.
Bir sözlə, adı peşəkar liqa olsa da, buradakı matçlar saatı 60-70 manata oynanılan məhəllə futbolundan ciddi mənada fərqlənmir.
Birinci Liqanın 3-cü turu çərçivəsində “Neftçi”nin təlim-məşq bazasında keçirilən “Qaradağ Lökbatan” – “İrəvan” görüşü 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

