“Döyüşkən və hər oyunda qələbə qazanmaça çalışan komanda formalaşdırmaq istəyirik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zaqatala“nın yeni baş meneceri Toğrul Əsgərov deyib.
Avqustun 4-də bu vəzifəyə təyin olunan funksioner Rüstəm Məmmədovun öz istəyi ilə baş məşqçi postundan ayrıldığını bildirib.
Belə ki, 9 ilə yaxın müddətdə komandanı çalışdırmış yerli mütəxəssis büdcənin azalmasından sonra burada fəaliyyətini dayandırmaq istəməyib. Rakif Əliyevi sükan arxasına gətirmiş «yaşıllar»ın ona ümidləri isə böyükdür:
“Rakif Əliyev ilk gündən işinə həvəslə başlayıb və bu cür də davam edir. Rəhbərlik olaraq ona inanırıq.
Bu yay komandada çox dəyişiklik oldu. Xeyli sayda futbolçu düşərgədən ayrıldı.
Yeni gələnlərin bu boşluğu dolduracağına ümidliyik. Büdcəmizə uyğun hərəkət edirik.
Kənar yerlərdən Zaqatalaya futbolçu gətirmək çətindir. Ancaq biz bu işi görməyə məcburuq,
Rayonun özündə Birinci Liqa səviyyəsində futbolçu azdır. Kənardan gələnlərin isə yemək və qalmaq məsələsi var.
Gərək onları qida və yerlə təmin edək. Legioner transferinə isə büdcəmiz imkan vermir. Hansı legioner Birinci Liqada özünü sınamaq istəyərsə, onu baxışdan keçirməyə hazırıq.
Məşqçilər tərəfindən bəyənilsə, gərək Peşəkar Futbol Liqasının tələb etdiyi 5000 manatlıq rüsumu özü, yaxud meneceri versin.
Bütün çətinliklərə baxmayaraq, düşünürəm ki, bu mövsüm yaxşı komandamız olacaq. Söz-söhbətdən, “dığ-dığ”dan uzaq komanda qururuq.
Maksimum dərəcədə yuxarı yerlər uğrunda mübarizə aparmaq arzusundayıq».
