"Şəmkir"in fəaliyyətini dayandırmasının PƏRDƏARXASI

30 Avqust 2017 10:12 I Divizion 829
"Şəmkir"in fəaliyyətini dayandırmasının PƏRDƏARXASI

“Şəmkir” 2017/2018 mövsümündə I Divizionda çıxış etməyəcək. İmtinaya səbəb yerli gəncləri tapmaq və gələcəkdə qurulacaq komandanın əsas özəyini formalaşdırmaqdı.

Bu məqsədlə mükafat fondu 9500 manat olan (I yer – 5 min, II yer 3 min, III yer – 1500 manat) rayon birinciliyinə start verilib. Turnir 4 qrupdan ibarət olmaqla 16 komandanın iştirakı ilə keçirilir.

“Şəmkir” ötən mövsüm 48 xalla 6-cı yeri tutub. "Qırmızı-qaralar"ın 2018/2019 mövsümündə yenidən I Divizionda iştirakı planlaşdırılır.

Bu, gözlənilirdi və olmalı idi. Düzdü, son anadək Alimpaşa Məmmədova ümidlər qalırdı, lakin icra başçısı bu ağır yükün altına nədənsə girmədi. Yaxud gücü çatmadı. Elvin Səfərlidən qalma problemlər o qədər çox idi ki, yığıb-yığışdırmaq, işləri səliqə-sahmana salmaq vaxt aparacaqdı. Eyni zamanda, külli miqdarda vəsait.

Çünki klubu borc içində batırıb Türkiyəyə qaçan prezidentin yerinə ödəmələri ya rayonun birinci şəxsi öz cibindən qarşılamalıydı, ya da yerli iş adamlarından kimlərəsə tapşırlmalıydı. Borc da nə borc! Təkcə məşqçi və futbolçulara 60 miin manat çatasıdı. Olimpiya Kompleksinə və kotmmunal idarələrə olan borc da bundan heç də az deyil.

Şəmkir imkanlı rayondu. Çinarlı və Şiştəpə qəsəbələrinin 2-3 biznesmen sakini bir araya gəlsə, Avropa səviyyəsində ortabab klub ərsəyə gətirə bilərlər. Təbii ki. onları bu məqsəd ətrafında birləşdirən olsa və özləri istəsə. Görünür, icra başçısının başqa problemləri və o, bütün fikrini futbola verməyə maraqlı deyil.

E.Səfərli "Şəmkir"in adını oyun "alver"i ilə elə biabır etməyib ki, çirkabı təmizləmək yalnız A.Məmmədovun imkanı daxilində olsun. İcra Hakimiyyətinin daxili imkanları hesabına klubun müəyyən xərclərini qarşılamaq mümkündü, tam şəkildə isə xeyr. Çünki bu, kompleks şəkildə həllini tapması gərəkən məsələdi.

Rusiyada yaşayan bir qrup şəmkirli yaxınlarda doğma rayonun təmsilsisinə dəstək vermək niyyəti ilə çıxış edib. Onların təklifi beləydi: "İcra başçısı Peşəkar Futbol Liqasının tələb etdiyi 300 min manat bank zəmanətini versin və ötən mövsümə aid borcları ödəsin, qalan işlər bizlikdi".

Bu fikirlə klubun bir neçə nümayəndəsi Məmmədovun qəbuluna düşməyə cəhd göstərib. Görüşü baş tutmuş saymaq da olar, saymamaq da. Nəticə önəmlidi - bəli, gözlənilən və umulan reaksiya alınmayıb. İcranın bir nömrəli fiquru təklifə razılıq verməyib.

Bu, o deməkdi ki, bir də Şəmkirdə futbol olmayacaq? Gəlin, hələ tələsməyək. SOCAR-ın (AFFA/PFL) maliyyə dəstəyi ilə 2008-ci ildə fəaliyyətini bərpa edən klub artıq 3-cü dəfədi ki, "yuxuya gedir". 2005-ci ildə, ovaxtkı rayon rəhbəri Aslan Aslanovun vəzifəsindən ayrılmasından az sonra "Şəmkir" tarixin yaddaşına qovuşmuşdu. İndi də belə.

Deməli, bu qərb rayonunda futbolun ənənəsini yaratmaq mümkün olmayıb. Görə də dalğavari prosesin yenə də təkrarlanmaq ehtimalı qüvvədədi. Günü sabah elə bir şəmkirli iş adamı ortaya çıxa bilər ki, gül kimi klub yaratmaq istəsin. Varlığa nə darlıq?

Sadəcə, ideyanı verib, buna qol qoya biləcək şəxsləri düzgün seçmək və onları maraqlandırmaq lazımdı. Yoxsa Elvin Səfərli kimi ağzı yalanla dolu qeyri-ciddi təsadüfi adamlar futbola soxulub, yenə "Şəmkir"i Azərbaycan içində bədnam edəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti