“Premyer Liqa barədə bir söz deyə bilmərəm, televizora çox baxmıram”

24 May 2023 02:00 I Divizion 595
“Premyer Liqa barədə bir söz deyə bilmərəm, televizora çox baxmıram”

Bu mövsüm Premyer Liqada "Qarabağ", birinci divizionda isə "Araz Naxçıvan" çempionluğu qazandı.

Naxçıvan təmsilçisinin bu mövsüm çempionluğu qazanmasında əməyi olanlardan biri də, De Saboa İv Lüseyndir.

Sportinfo.az xəbər verir ki, sportal.az-a müsahibə verən Kot-d’İvuardan olan 2002-ci il təvəllüdlü hücumçu yeni mövsüm “Araz Naxçıvan”ın heyətində Premyer Liqa həyəcanı yaşamaq istədiyini deyib.

- "Araz Naxçıvan"ın heyətində birinci divizionda çempion oldunuz. Mövsüm sizin üçün necə alındı?

- Bəli arzumuza çatdığımızı deyə bilərəm. Komandadakı istedadları gördükdən sonra çempion olacağımıza inanmışdım. Öz-özümə dedim ki, biz böyük işlər görə bilərik. Amma digər komandaları hələ tanımırdım. Çempionata başladıqdan sonra əmin oldum ki, əgər belə davam etsək, xəyal həqiqətə çevriləcək.

- Azərbaycan birinci divizionunu bəyənirsən?

- Bəli, divizionu bəyənirəm. Özümü daha çox göstərmək istəyirəm və bilirəm ki, o səviyyəyə çatmaq üçün mənim də istedadım var. Mən sadəcə işləməyə davam edirəm. Qalanı isə yalnız Allahın işidir.

- Azərbaycana gəlişin necə alındı? Birinci divizion sənin üçün trapmlindir?

- Ölkəni əvvəllər tanımırdım. Amma deyə bilərəm ki, ölkəni bəyənirəm. Azərbaycanda insanlar sakitdir, yaxşıdır, istiqanlıdır. Bu, mənim Avropada ilk təcrübəmdir və daha yüksəkləri hədəfləyirəm. Amma əvvəl dediyim kimi, işləməyə davam edirəm. Qalanını Allah edəcək, növbəti addımı o qərar verəcək.

- Naxçıvanda yaşamağınız barədə nə düşünürsən? Azarkeşlər sizə maraq göstərir?

- Burada həyat sakitdir. Mən çox danışan da deyiləm. Ona görə çox dostum yoxdur. Amma məşqə gedəndə, oyunlardan sonra, tez-tez gəzintiyə çıxanda insanların marağını görürəm. Mənimlə şəkil çəkdirirlər. Amma daha çox evdə oluram və qonaqlarıımla evdə olmağı xoşlayıram. Maraqlıdır ki, onların mənə nə dediyini başa düşmək asandır. Halbuki, dil fərqimiz var. Amma mən də artıq neçə müddətdir buradayam. Hər şey qaydasındadır.

- “Araz Naxçıvan” növbəti mövsümdə Premyer Liqada çıxış edəcək. Premyer Liqada komandanın heyətində olacaqsınız?

- “Araz Naxçıvan” Premyer Liqada çox yaxşı işlər görə bilər. Amma bunu bizə yalnız zaman göstərəcək, nə baş verəcəyini indidən ehtimal edə bilmirəm. Sadəcə olaraq indiki vaxta diqqət edirəm, işləyirəm və qalan vaxt hər şeyi Allah göstərəcək.

- Yəqin ki, Azərbaycan Premyer Liqasını izləyirdin. Kənardan çempionat necə görünür?

- Azərbaycan Premyer Liqası barədə bir söz deyə bilmərəm, çünki televizora çox baxmıram. Amma izlədiyim iki-üç matçı nəzərə alsaq, çempionatın çox keyfiyyətli olduğunu deyə bilərəm. Ən çox bəyəndiyim klublar "Qarabağ" və "Sabah"dır. Onlar oyunlar zamanı diqtə edən tərəf olurlar, daim topla oynayırlar. Mən də bu cür oynu sevirəm.

Digər Xəbərlər
Xəbər Lenti