COP29

Sanksiyanın qapısını döydüyü klub AFFA-ya bir bağlama sənəd göndərdi ki…

6 May 11:20 I Divizion 1 836
Sanksiyanın qapısını döydüyü klub AFFA-ya bir bağlama sənəd göndərdi ki…

Xəbər verdiyimiz kimi, “İrəvan”a sanksiya tətbiq oluna bilər.

Aylardır başı üzərində qara buludlar dolaşan I Liqanın ən qalmaqallı iştirakçısı artıq belə bir real təhlükə ilə üz-üzədir.

Biabırçı idarəçiliyi, maxinasiya əməlləri, oyun alqı-satqısı faktları ilə uzun müddətdir medianın gündəmini zəbt edən klub növbəti öhdəliyi yerinə yetirməyib.

Buna səbəb komandanın futbolçu Asim Əlizadəyə olan borcunu ödəməməsidir.

AFFA Oyunçuların Statusu və Transferi Komitəsi martın 19-da yarımmüdafiəçi ilə yanaşı, məşqçi Aleksandr Jidkova olan borcun da ödənilməsini tələb edib.

Komitə həmin vaxt açıqlamışdı ki, mayın 1-dək öhdəlik yerinə yetirilməsə, klub lisenziyasının əlindən alınmasından tutmuş, hesabından xal silinməsinə qədər ciddi cəza ilə üzləşə bilər.

Məsələyə aydınlıq gətirən AFFA-nın mətbuat xidmətindən bildirilmişdi ki, belə hallarda müddət tamamlandıqdan sonra futbolçu növbəti dəfə müraciət ünvanlayır.

Bunun ardından məsələyə baxılır. Yekunda isə FIFA qaydalarına uyğun cəza AFFA tərəfindən tətbiq olunur.

Əldə etdiyimiz son məlumata görə, «İrəvan» başbilənləri problemin həllinə barmaqarası yanaşıb. Onlara şifahi formada bir neçə dəfə müraciət olunsa da, yenə yerlərindən tərpənməyiblər.

Şikayətçi tərəflərin borcundan 1 manat da qaytarılmayıb. Bu da o deməkdir ki, AFFA-nın tələblərinə məhəl qomayan aşağı liqa mənsubu barədə sərt tədbirlər görüləcək.

Çox qəribədir ki, keçmiş məşqçisi və futbolçusu qarşısında götürdüyü maddi öhdəliyi yerinə yetirməyən «İrəvan» rəhbərliyi bu tərəfdən AFfA-ya sənəd toplusu göndərib.

Qərbi Azərbaycan təmsilçisi növbəti mövsüm I Liqada yarışmaq üçün tələb edilən lisenziyalaşdırma prosedurunu keçməyə hazır olduğunu iddia eləyib.

Federasiyanın nəzdində fəaliyyət göstərən müvafiq komissiyasının bu sənədlərə okey verməsi az inandırıcıdır. Hər halda klubun borcları başından aşır, onların qaytarılması üçün müəyyənləşdirilən vaxt isə keçib.

İnanmırıq ki. federasiyanın yeni rəhbərliyi bu sayğısızlığı görməzdən gəlsin, şəffaf fəaliyyət göstərəcəklərinə dair ümidləri puça çıxarsın.

Güman edirik ki, özlərini bu qalmaqallı işdən ötrü «xərcləməyəcəklər». Düz nədirsə, o istiqamətdə də qərar verəcək, ayrı-seçkilik salmayacaqlar. Ən doğrusu da bu olardı elə.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq