Ötən həftə Azərbaycan kubokunun 1/8 final mərhələsi başa çatdı.
Gözlənildiyi kimi birinci divizion klubları ilə mübarizədə 4 Premyer Liqa klubu da növbəti mərhələyə yüksələn tərəf oldu.
"Qəbələ" və "Keşlə" uyğun olaraq MOİK və "Qaradağ Lökbatan"a minimal hesablı üstünlüklə qalib gəldi.
"Səbail" "Zaqatala" səfərindən qələbə (3-1) ilə qayıtdı. "Sabah" isə doğma meydanda "Kəpəz"ə şans vermədi - 3:0.
Sonuncu qarşılaşmanı çıxsaq, digər oyunlarda birinci divizon klublarından layiqli mübarizə görə bildik.
Hətta MOİK və "Qaradağ Lökbatan" surpriz nəticəyə də çox yaxın oldu. Təbii ki, sonda təcrübə və səviyyə öz sözünü dedi.
Birinci Divizon klublarının büdcəsinin heç yarım milyon olmadığını nəzərə alsaq, belə mübarizə sadəcə alqışlanmalıdır.
Məncə, Birinci Divizonda tətbiq edilən yaş limiti aradan götürülsə və bir neçə klubun büdcəsi 1-1.5 milyona kimi qaldırılsa tam fərqli yarışa şahidlik edərik.
Bununla həm səviyyə qalxar, həm də rəqabət. Ən önəmlisi "Premyer Liqaya kim gəlsin?" sualını dərt etmərik.
Sadəcə buna inanmaq, yanlış qərarları düzəltmək və kiçik dəstək yetərlidir.
O zaman əmin olun ki, bölgə klubları daha güclü, təşkil olunan çempionatlarımız isə daha maraqlı olacaq. Bu isə rəqabətə yol açacaq. Rəqabət də inkişafdır. İllərdir ətrafında baş "sındırıb", amma nail ola bilmədiyiniz inkişaf...
Xanoğlan İmanov

