“Komandamız çempionatda ikinci pillədə yer alıb.
Nə gizlədim, çempionluq uğrunda mübarizə aparırıq.
Lider “Qaradağ Lökbatan”la aramızda 5 xal fərq var. Amma onlar bizdən 1 oyun çox keçirib”.
Bu sözləri MOİK-in hücumçusu İlham Allahverdiyev Sportinfo.az-a açıqlamasında komandasının hazırkı durumu və qarşıdakı kubok qarşılaşması haqda danışarkən deyib.
Bu gün “hərbçilər” Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Dalğa Arena”da “Qəbələ”ni qəbul edəcək. Cütün taleyi bir oyundan ibarət olacaq ki, bu da divizion təmsilçisinin növbəti mərhələyə yüksəlmək şanslarını artırır.
Komandasının qol ümidi rəqibin baş məşqçisi Elmar Baxşıyevin MOİK-lə oyunda çempionatda az şans qazanan futbolçulara şans verməyəcəyini düşünür:
“Düzdür, elita təmsilçiləri bu cür oyunlara əsasən ehtiyat heyətlə çıxır. Mütəmadi oynamayanlara özlərini göstərmək imkanı yaradırlar.
Amma “Qəbələ”də vəziyyət elədir ki, heyətləri kasaddır. Premyer Liqadakı kimi, kubokda da nəticə qazanmaq istəyirlər. Ona görə də əsasən gənclərə şans verəcəklərini düşünmürəm.
Bizimlə oyundan 5 gün sonra “Neftçi”ylə olduqca vacib görüşləri var. Bəlkə də həmin oyunu düşünüb bəzi futbolçularını qorumağı düşünərlər. Nəticə barədə heç nə deyə bilmərəm. Bir onu deyə bilərəm ki, maraqlı və gərgin oyun olacaq.
Kubokda limit yoxdur. Fikrimcə, baş məşqçimiz bunu nəzərə alıb, “Qəbələ”yə qarşı fərqli heyət çıxaracaq. İnşallah, yaxşı olar”.
HƏBİB

