“Baş məşqçi təyin olunduğumu mətbuatdan bildim”

6 Avqust 2021 09:40 I Divizion 1 546
“Baş məşqçi təyin olunduğumu mətbuatdan bildim”

I Divizionda çıxış edən "Turan Tovuz"a yeni baş məşqçi təyin olunub.

Bu vəzifə Rövşən Babayevə həvalə olunub.

O, yeni postda İlham Yadullayevi əvəzləyib. Onun son iş yeri “Sabah” olub.

Babayev Sportinfo.az-a açılamasında təyinatı və görmək istədiyi işlər barədə danışıb.

Sitat: “Sözün düzü, axşam saat 6-dək bunu bilmirdim. Demə, ona kimi artıq saytlarda xəbər çıxıb. Oqtay Abdullayev zəng vurub, görüşə çağırdı, mən də getdim.

Tovuz futbol diyarıdır. Tovuz futbolçularla zəngin oln bir rayondur. Tovuz həmişə həm uşaq, həm də böyük futbolda sözünü deyən bir məkandır.

Mənim üçün orada işləmək böyük şərəfdir. Klub rəhbərliyi və məşqçilərlə çalışmaq mənə xoşdur.

Bilirəm ki, qısa bir müddət ərzində Tovuz futbolunda böyük bir sıçrayış edəcəyik.

Səbəbini da qoy deyim. Oranın məşqçiləri və camaatı futbolu bilir. Onlarla vəhdət quracağıq və çalışacağıq ki, yaxşı bir iş ortaya qoyacağıq.

Azarkeşlərdən güclü dəstək almaq istəyirəm və bunu da onlardan gözləyirəm. Mənə inansınlar. Tovuzlu məşqçilərin mənə dayaq olmasını istəyirəm.

Tovuz Azərbaycan futbolunda böyük bir iz qoyub və bunu inkişaf etdirmək niyyətindəyəm. Klub rəhbərliyinə və azarkeşlərə minnətdaram ki, mənə belə bir etimad göstəriblər. Mən də istəyirəm ki, onların köməyi ilə normal iş görüm”.

R.Babayev məşqçiliyə futzalda başlayıb. 2003-cü ildə Həvəskarlar Liqasında çıxış edən «Odlar Yurdu», «Refarma» komandalarını çalışdırıb.

«Refarma»nı əsas çempionata çıxaran gənc məşqçi bu komanda ilə ölkə kuboku və suberkubokunu qazanmaqla yanaşı, milli çempionatın gümüş medallarına da layiq görülüb.

Böyük futbolda ilk iş yeri 2006-cı ildə «Azəri» olub. Burada 12-16 yaşlı uşaqlarla işləyən R.Babayevin millimizin üzvü Namik Ələsgərov, Tovuz futbolunun yetirməsi Rəhman Hacyevin üzə çıxmasında əməyi var.

Bir müddət «Azəri»də uşaq futbolunda işlədikdən sonra «Olimpik»in futbol akademiyasında U-17, U-19 və əvəzedici komandalarını çalışdırıb,

2009-cu ildən isə «İnter»in Futbol Akademiyasında rəhbəri vəzifəsini icra edib, müxtəlif yaş qrupları ilə bir sıra beynəlxalq turnirlərdə mükafatçılar sırasına düşüb, qalib olublar.

«İnter»də işlədiyi müddətdə komandanın o vaxtkı baş məşqçisi Kaxaber Sxadadzenin yanında məşqçiliyin sirlərini daha da yaxşı öyrənən R.Babayev 2012-ci ildə «Simurq»un əvəzedici komandasına baş məşqçi təyin olunub.

4 mövsümün hamısında onun komandası mükafatçılar sırasına düşüb.

Daha sonra «Rəvan»ın baş məşqçisi Emin Quliyevin köməkçisi, «Vətən»də koordinator, «Sumqayıt»ın əvəzedici komandasında baş məşqçisi (2-ci yer), 1-ci Divizionda çempion olan «Xəzər»də baş məşqçi Elşad Əhmədovun köməkçisi, «Keşlə»nin Futbol Akademiyasının rəhbəri vəzifələrində çalışıb.

Son iş yeri «Sabah» olub. Bura baş məşqçi Elşad Əhmədovun köməkçisi kimi gələn A kateqoriyalı məşqçi müxtəlif vaxtlarda əvəzedici komandanın baş məşqçisi, əsas komandanın müvəqqəti baş məşqçisi, koordinatoru olub.

İndiyə kimi xeyli gənc futbolçunun üzə çıxmasında və yetişməsində əməyi olan 44 yaşlı mütəxəssisin son işi «Sabah»ın sabiq baş məşqçi Visente Qomesə kömək etmək olub. İspaniyalı istefa verdikdən sonra o da komandanı tərk edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti