"Rəşad Sadıqov niyə də Azərbaycanın Şevçenkosu olmasın?"

6 Mart 16:14 Zirə 718
"Rəşad Sadıqov niyə də Azərbaycanın Şevçenkosu olmasın?"

Sportinfo.az qış fasiləsində “Zirə”dən ayrıldıqdan sonra klubsuz qalan Elvin Məmmədovun müsahibəsini təqdim edir:

Hazırda təklif aldığınız, danışıq apardığınız klub və ya klublar varmı?

- Xeyr, hələ heç nə yoxdur.

- Hətta azad agent statuslu futbolçuları heyətinə qatmaqla tanınan "Sabah" klubu da sizinlə maraqlanmadı?

- Yox.

- Əvvəllər azərbaycanlı futbolçular klubsuz qalanda Türkiyənin aşağı liqalarına, ölkə xaricində nisbətən zəif çempionatlara üz tuturdular. Əcnəbi klublardan da maraqlanan olmayıb?

- Açığı, mən özüm də maraqlanmamışam, hər hansı addım atmamışam. Çünki onlarda da çempionat davam edir. Bundan sonra oralara gedib hansısa klubda möhkəmlənməyim bir qədər çətin olar. Ona görə də bu barədə heç fikirləşmədim.

- Onda belə çıxır ki, mövsümün sonuna kimi klubsuz qalacaqsınız?

- Bəli, mövsümün sonuna kimi futbol oynamayacağam. Fərdi qaydada məşq edirəm. Fitnesə, qaçmağa gedirəm. Arada yaxın uşaqlarla futbol oynayırıq.

- Yəqin ki, klubsuz olsanız da, Azərbaycan Premyer Liqasının oyunlarını izləyirsiniz.

- Əlbəttə, oyunlara baxıram.

- “Zirə” qış fasiləsindən sonra keçirdiyi 5 oyundan 4-də uduzub və ümumilikdə 14 qol buraxıb. Komandanın düşdüyü vəziyyəti necə dəyərləndirirsiniz?

- İnanın ki, “Zirə”, Zaur Həşimov haqqında heç nə demək istəmirəm. Çünki bundan sonra nəsə deməyim mənasızdır. Ona görə də danışmağa ehtiyac görmürəm. Komandanın baş məşqçisi var, özü bilər. Fikir bildirsəm, başqa mənalar verər.

- Sizcə, “Zirə”nin enişinin başlıca səbəbi nədir?

- Yenə deyirəm, bu barədə danışmaq istəmirəm. Əslində deməyə sözlərim var. Amma yanlış anlaşılar deyə, fikir bildirməyə ehtiyac yoxdur. Bəziləri fikirlərimi düzgün başa düşə bilər, bəziləri isə düşünər ki, Elvin komandadan çıxıb, ona görə belə danışır.

- Təklif gəlsə, I Divizionda oynayarsınız?

- Bilirsiniz, necədir? Əslində hansısa klubun ikinci komandasında oynamaq qəbahət deyil. Çünki oynamışam, bilirəm. Deyək ki, hansısa klubdayam, zədə almışam, əsas heyətə düşə bilmirəm. Bu halda əvəzedici komandada oynamaqda heç bir problem görmürəm. Amma qərəzli şəkildə addım atılanda mənə pis təsir edir. Divizionda oynamaq barəsində düşünməmişəm. Ən pis halda futbolu atmağa belə hazıram. Qeyri-adi bir şey yoxdur. Bu durum məni qətiyyən narahat etmir. Hər bir futbolçunun başına gələ biləcək işdir. Bununla yanaşı, başqa nümunələr də var. Məsələn, 6 ay futbol oynamayan futbolçular Premyer Liqada çıxış edirlər. Ümid edirəm ki, yayda özümə komanda tapa biləcəyəm. Çünki futbola sevgim, gücüm hələ var. Olmasa, futbolu ataram. Lakin 32 yaş hələ tezdir.

- Bəs yayda klub tapmasanız, necə, I Divizion klubuna keçərsiniz?

- Çempionatın durumu bəllidir. I Divizionda hansı komandada oynamaq olar? Əsas komanda başqadır. Divizionda heç vaxt oynamaram. Bunun üçün səbəblər çoxdur. Bu qədər ad-san qazanmısan, hansısa şayiəyə qurban gedə bilərsən. Ona görə də aşağı dəstəyə getmərəm.

- Azərbaycan yığması UEFA Millətlər Liqasının C Liqasında Kipr, Monteneqro və Lüksemburqla eyni qrupa düşdü. Təcrübəli futbolçu, millinin sabiq üzvü kimi şansları necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, ilk mövsümlə müqayisədə indi daha çətin qrupa düşmüşük. Əvvəlkində Malta, Farer adaları kimi komandalar var idi. Dişimizə uyğun, hətta daha zəif yığmalar idi. İndiki rəqiblərin isə hamısı bizdən yaxşıdır. Çox çətin qrupdur. Düzdür, adlara baxanda düşünürsən ki, niyə də çıxmaq olmasın. Reallığa qalanda isə rəqiblər yaxşı futbol oynamağı bacarırlar. Amma yenə də ümidlə baxmaq lazımdır. Futbolda hər şey mümkündür. Startı necə götürdünsə, elə də davam edəcək.

- Milli komandanın baş məşqçi vəzifəsi boşdur. Sizcə, yığmaya yerli, yoxsa əcnəbi mütəxəssis başçılıq etməlidir?

- Məncə, ən birinci baş məşqçini seçmək lazımdır. Çünki artıq gecikirik. Hər məşqçinin öz sistemi, fəlsəfəsi var. Kim gəlir-gəlsin, əsas odur, komandaya xeyir versin. Hər birimizin istəyi budur. Fikrimcə, Azərbaycan futbolunu, mentalitetini yaxşı bilən mütəxəssis olmalıdır. Çünki ölkə xaricində oynayan futbolçularımız çox azdır. Bu, Azərbaycanı yaxşı tanıyan əcnəbi də ola bilər. Amma milliyə azərbaycanlı mütəxəssis başçılıq etsə, daha yaxşı olar. Mətbuatı izləyirəm, son vaxtlar Rəşad Sadıqovun adı hallanır. Onu daha çox ön plana çıxarırlar. Niyə də Azərbaycanın Şevçenkosu olmasın?! Bütün futbolçuları yaxşı tanıyır. Hərtərəfli dəstək olsa, düşünürəm ki, milliyə xeyir verə bilər.

- Ölkə xaricində çıxış edən azərbaycanlı futbolçuların az olduğunu qeyd etdiniz. Son vaxtlara qədər Emil Balayev legioner həyatı yaşayırdı, o da qayıtdı və “Zirə”yə keçdi. Buna münasibətiniz necə oldu?

- Mən Balayevdə bir günah görmürəm. Düzgün addım atdı. Gərək, variant olsun ki, başqa ölkəyə getsin. Fərdi hazırlıqla komanda məşqi eyni deyil. Milli komandanın 3 əsas qapıçısından biri də Emildir. Formada qalmaq üçün mütləq oynamalıdır. Onu da başa düşmək lazımdır. Variant olmayıb deyə, bu addımı atıb. Balayevə haqq qazandırıram. Bu, təkcə qapıçıdan asılı olan məsələ deyil (report).

Xəbər Lenti