“Zirə”nin yeni transferi Maykon Kleyton Azərbaycandan gələn təkliflə bağlı xeyli götür-qoy edib.
Karyerası vətəni Braziliya və Portuqaliya klubları ilə bağlı olduğundan, ölkəmizə gəlməklə bağlı tərəddüd edib.
Azərbaycanın Braziliya ilə Portuqaliyadan çox-çox uzaqda yerləşməsinə, üstəlik, futbol ölkəsi kimi tanınmamasına görə 27 yaşlı əlcək sahibi tanışlarına zəng edib.
Onlardan Azərbaycanla bağlı məlumatlar alıb, təhlükəsizlik tədbirlərinin hansı səviyyədə olduğunu soruşub.
İki illik müqaviləyə imza atmış Maykon Sportinfo.az-a açıqlamasında bu barədə danışıb:
“İlk dəfə çıxış edəcəyin ölkə ilə bağlı narahatlığın olması normaldır. Fikrimcə, bu, tək məndə yox, əksər futbolçulardan belədir.
Braziliya və Portuqaliyadan sonra Azərbaycanda çıxış edəcəyəm. Bura gəlməmişdən əvvəl əsas narahatlığım ailəm və təhlükəsizliklə bağlı idi.
Bu, məndə müəyyən suallar yaradırdı, düşünməyə vadar edirdi. Bəzi insanlarla danışdım, soruşdum.
Mənə dedilər ki, Bakı və Azərbaycan son dərəcə təhlükəsiz yerdir. Ona görə də rahatam. Və buna inanıram”.
Kleyton Braziliyada “Santa Kruz”, “Red Bulla Braqantino”, “Vitorio”, “Seara”, Portuqaliyada “Portimonense” klublarında çıxış edib.
HƏBİB

