Konfrans Liqasında mübarizə aparacaq “Zirə” transfer çalışmalarında qaza basıb.
Yay fasiləsində 8 futbolçu ilə yollarını ayıran qəsəbə təmsilçisi artıq 4 futbolçu ilə güclənib.
Amin Seydiyev, Ayxan Hüseynov, Maykon Kleyton və Vierinya növbəti mövsümdə “qartallar”ın şərəfini qoruyacaq.
Bəs “Qarabağ”la yoxlama matçında meydana çıxan mərakeşli Nassim Azaouzi ilə Fil Dişi Sahilindən gələn Namaan Krismaelin taleyi necə olacaq?
Sportinfo.az xəbər verir ki, Nassimin fiziki durumu baş məşqçi Rəşad Sadıqovu razı salmayıb. Baxışdan uğurla keçə bilməyən futbolçu yola salınıb.
Namaan isə Türkiyə toplanışında iştirak edəcək. Sadıqov qardaş ölkədəki sınaq görüşlərindən sonra 18 yaşlı gənclə bağlı qərarını verəcək.
“Zirə” Konfrans Liqasının 1-ci mərhələsində ilk oyununu iyulun 9-da Bakıda “Torpedo”ya (Kutaisi) qarşı keçirəcək.
Cavab qarşılaşması bir həftə sonra Gürcüstanda baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ

